Sabiq rəis məhkəmədə pulların 90 faizini kimə verdiyini açıqladı: "Özümə haqq qazandırmıram, amma..."


Digərləri 03 Okt 2018 14:58:00 418 0

Sabiq rəis məhkəmədə pulların 90 faizini kimə verdiyini açıqladı: "Özümə haqq qazandırmıram, amma..."

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs Şahin Tağıyev deyib ki, rəhbərlik etdiyi qurumun gördüyü işlərdə məbləğlərin şişirdilməsi halları olub: "Lakin bunu podratçı şirkət edib. Mənim marağım, sadəcə bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da, pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma qalan puldan özüm üçün heç kəsdən heç nə almamışam".

Ş.Tağıyev podratçı şirkətə ayrılan pulu bankdan çıxardıqdan sonra "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmova verdiyini deyib.

Ş.Tağıyev həbsdə olan ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovla əlaqəsinin olmadığını deyib: "Mən onu, sadəcə, aparat rəhbəri kimi tanımışam və başqa heç bir əlaqəm olmayıb".

Məhkəmədə məlum olub ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki ikimərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.

Qəbələdə görüləcək rabitə işlərinə nazirlik tərəfindən ayrılan pulun 90 faizi Oqtay Rüstəmova verilib. Həmin məbləğin 1 faizi bank əməliyyatlarına ayrılıb.