Tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadın məhkəməyə məcburi gətiriləcək


Digərləri 03 Okt 2018 13:18:00 232 0

Tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadın məhkəməyə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş N.Fərəcovanın məhkəməyə gəlmədiyi elan olunub.

N.Fərəcovanın vəkili Gülşən Salmanova söyləyib ki, müvəkkili xəstəxanaya yerləşdirilib. Vəkil deyib ki, N.Fərəcovanın səhhəti anidən pisləşib.

Zərərçəkmiş F.Əzizova da buna etiraz edib.

O qeyd edib ki, N.Fərəcovanın belə etməsi məhkəməni uzatmaq deməkdir: "Ayın 17-də beynəlxalq turnirdə iştirak edəcəm. Buna görə gələ bilməyəcəm".

Məhkəmə təqsirləndirilən N.Fərəcova barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi.