Azərbaycanlı kəşfiyyatçının məzarı ziyarət olunub FOTO


Digərləri 02 Okt 2018 13:53:00 258 0

Azərbaycanlı kəşfiyyatçının məzarı ziyarət olunub  FOTO

Bu gün "ALYANS" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi peşəkar və qəhrəman azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun məzarını ziyarət ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, ziyarətçilər mərhumun, həmçinin onun həyat yoldaşının məzarları üzərinə güllər qoyublar.

Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev bildirib ki, kəşfiyyatçı Məmmədhüseyn Əsədov barəsində məlumatlar indiyə qədər gizli saxlanılıb: "Biz bunu araşdırmışıq ki, M.Əsədovun SSRİ kəşfiyyat tarixində, 1943-cü ildə SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Tehranda keçirilən konfransı zamanı sui-qəsd cəhdinin qarşısının alınmasında müstəsna xidmətləri olub. İndi çalışırıq ki, onun fəaliyyətinə qiymət verilsin, ictimaiyyət Azərbaycanın bu qəhrəman oğlu haqqında bilsin, onun haqqında kitab yazılsın".

Daha sonra "ALYANS" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev M.Əsədovun həyatı və fəaliyyəti haqqında geniş məlumat verib.

O qeyd edib ki, indiyə qədər M.Əsədov haqqında heç bir məlumat olmayıb. A.Qarayev vurğulayıb ki, M.Əsədov 1900-cu ildə Həştərxanda anadan olub və 19 yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır:

"Böyük Vətən Müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı və geniş kəşfiyyat imkanlarına malik olduğuna görə, M.Əsədov Baş kəşfiyyat idarəsi tərəfindən İrana işləməyə göndərilir. Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub. 1943-cü ildə İran anti-Hitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Bu, Stalinin təklifi idi. Konfransda dövlət xadimlərinin təhlükəsizliyinin təmin olunması həmin dövrdə SSRİ-nin Tehranda yerləşən rezidenturasına tapşırılır. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də M.Əsədov idi. Müttəfiqlər hətta İran tərəfini təhlükəsizlik baxımından xəbərdar etmirdilər. Konfransın başlamasına 6 gün qalmış, yəni 22 noyabr 1943-cü ildə İran tərəfinə məlumat verildi".


Xəbərə aid fotolar