Ziyafət Əsgərov: "İstənilən halda Paşinyanın destruktiv bəyanatları qətiyyən qəbul oluna bilməz"


Digərləri 02 Okt 2018 13:40:25 291 0

Ziyafət Əsgərov: "İstənilən halda Paşinyanın destruktiv bəyanatları qətiyyən qəbul oluna bilməz"

İstənilən halda Ermənistanın baş naziri Nikol Paşinyanın destruktiv bəyanatları qətiyyən qəbul oluna bilməz.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində yumşaq mövqe nümayiş etdirməsinə münasibət bildirərkən söyləyib.

Z.Əsgərov qeyd edib ki, N.Paşinyan yalnız daxili auditoriya üçün danışır: "Paşinyan Azərbaycanın gücünü bilir, Azərbaycanın Prezidentini də çox yaxşı tanıyır, onun hansı intellektə, gücə malik olduğunu da çox yaxşı bilir. Qarşıdakı seçkilərdə onun partiyasının qalib gəlib-gəlməyəcəyi bilinmir. Hesab edirəm ki, o, bu vəziyyətdən istifadə edərək daxili auditoriyanı öz tərəfinə çəkmək üçün müəyyən qədər xal yığmaq istəyir. Ancaq istənilən halda onun destruktiv bəyanatları qətiyyən qəbul oluna bilməz".

O əlavə edib: "Hər bir halda mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Bu, müzakirə obyekti deyil. Nə qədər ki, Ermənistan bu işğalçılıq siyasətindən əl çəkməyib, bütün layihələrdən kənarda qalacaq, Ermənistanda vəziyyət indi olduğu kimi siyasi iflic vəziyyətində olacaq və Ermənistan bu vəziyyətdən heç zaman çıxa bilməyəcək. Amma hər halda gec deyil, onların fikirləşməyə vaxtları var".