Sumqayıtda 4 nəfərin öldüyü, 13 nəfərin yaralandığı qəzaya görə sürücü tutuldu


Digərləri 02 Okt 2018 09:48:25 271 0

Sumqayıtda 4 nəfərin öldüyü, 13 nəfərin yaralandığı qəzaya görə sürücü tutuldu

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən sürücü tutulub.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, sentyabrın 30-da saat 07:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Rövşən Həsənovun idarə etdiyi "Mercedes Benz 208 D" markalı, 01-BP-806 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qabil Məmmədovun idarə etdiyi "Mersedes Benz 4140" markalı, 90-CT-969 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuş, nəticədə mikroavtobusun sürücüsü R.Həsənov, həmin mikroavtobusun sərnişini, təqribən 60-65 yaşlarında naməlum qadın aldıqları xəsarətlərdən hadisə yerində, sərnişinlər Raisa Rzayeva və Tamara İsmayılova isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat etmişdir.

Mikroavtobusda olan digər 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətlərı ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişlər.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Qabil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.