Azərbaycan hər ölkəyə nəsib olmayan uğura nail ola bilib


Digərləri 02 Okt 2018 07:00:00 277 0

Azərbaycan hər ölkəyə nəsib olmayan uğura nail ola bilib

Azərbaycan Rusiya üçün həm də Qərbə pəncərə rolunu oynaya bilər

"".

"Bu gün Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox sürətlə inkişaf edir. Bu əlaqələrin tarixi ənənələri də var. Çünki Azərbaycan və Rusiya iqtisadiyyatını birlərşdirən daha öncəki iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq iki dövlət arasında, eləcə də subyektlər arasında əməkdaşlıq getdikcə güclənir".

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili deyib.

Onun fikrincə, Rusiya ilk növbədə bizim üçün Azərbaycan məhsullarının bu ölkənin bazarlarına çıxarılması baxımından maraqlıdır: "Azərbaycan öz qeyri-neft sektorunu inkişaf etdirir, ölkədə dərin islahatlar həyata keçirilir, ölkənin ixracatı ötən ilə nisbətən 35 faizə qədər artıb. İxracatda ən önəmli yeri qeyri-neft məhsulları tutur. Bu cəhətdən baxdıqda Rusiya öz böyük bazarları ilə Azərbaycan üçün çox cəlbedicidir. Dünyanda ÜDM-nin həcminə görə 12-ci yerdə olan Rusiyanın illik idxalı 220 milyard dollardır. Bu rəqəm hər bir ölkəni Rusiya bazarlarına məhsul idxal etmək baxımından çox maraqlandırır.

Azərbaycan qeyri-neft məhsullarının təxminən 35 faizinə yaxınını Rusiya bazarlarına ixrac edir. Əsasən də kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarlarına çıxarılır. Ümumilikdə Azərbaycan bitki mənşəli məhsulların Rusiyaya idxalına görə Ekvador, Çin, Türkiyə və Braziliyadan sonra 5-ci yerdədir. Bu, çox böyük göstəricidir. Bunu rəqəmlə ifadə etsək, 400 milyon dollar edir. Digər ölkələrlə rəqabət apararaq idxal bazarında yüksək yerə sahib olmaq Azərbaycan iqtisadiyyatı üçün böyük uğurdur". Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və güclənməsi bizim xeyrimizədir  Millət vəkili qeyd edib ki, Azərbaycanın Rusiya ilə münasibətləri yalnız şaquli deyil, eyni zamanda üfüqi formada da inkişaf edir: "Belə ki, Azərbaycan Rusiyanın regionlarına, xüsusən Şimali Qafqaz regionuna ən çox investisiya yatıran ölkədir. Azərbaycan ilk ticarət evini məhz Rusiyada açıb. Bu ilin may ayında Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılıb. Azərbaycan sahibkarları tərəfindən Krasnodarda meyvə-tərəvəz və çay fabriki, Şimali Qafqazda bir neçə sanotoriya komleksi və s. inşa edilir. Bu əlaqələr kifayət qədər çeşidli və qeyri-neft sektoru məhsullarının ixracı baxımından sürətlə inkişaf edir.

Ümumilikdə isə Rusiya Azərbaycan iqtisadiyyatına təxminən 4 milyard, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollar investisiya yatırıb və yatırımlar ilbəil davam edir. Bu da hər iki ölkənin iqtisadi əlaqələrinin getdikcə inkişaf etdiyini deməyə əsas verir".

T.Mirkişili əlavə edib ki, beynəlxalq nəqliyyat daşımaları sektorunda da əlaqələr getdikcə inkişaf edir: "Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən Rusiyadan İrana, Türkiyəyə, yaxud da Hindistandan başlayaraq Finlandiyaya qədər yüklərin daşınması kimi böyük perspektiv var.

Məsələn, son bir ildə nəqliyyat dəhlizi ilə daşımaların həcmi 100 dəfəyə yaxın artıb. Nəzərə alaq ki, bu gün Rusiyanın əsas qeyri-neft məhsul ixracı taxıldır və il ərzində təxminən 30 milyard dollarlıq taxıl ixrac edilir. Bu məhsulların ixrac edildiyi ölkələr sırasında Misir, İran və Türkiyə ilk üçlükdədir.

Ümumilikdə 9 milyon tona yaxın məhsul ixrac olunur ki, bunu da Azərbaycanın yaratdığı infrastruktur koridoru və Bakı-Tiflis-Qars dəmiryolu daha ucuz və tez daşınmasına imkan yaradır".

Onun sözlərinə görə, daha bir mühüm məsələ Xəzər dənizində əməkdaşlıqla bağlıdır: "Xəzər dənizinin hüquqi statusu müəyyən olunandan sonra Azərbaycan və Rusiyanın neft şirkətləri arasında əməkdaşlıq, texnologiyaların və biliklərin mübadiləsi, Avropa bazarlarına qaz tədarükü məsələsində ümumi əməkdaşlığın mövcudluğu iki ölkə arasında mühüm iqtisadi əməkdaşlıq istiqamətləridir".

Bundan əlavə, T.Mirkişili hesab edir ki, bu gün Azərbaycan təzyiqlərə məruz qalan Rusiya üçün Qərbə açılan pəncərə ola bilər: "Siyasi cəhətdən baxdıqda hazırda Rusiya həm ABŞ, həm də AB tərəfindən sərt sanksiyalara məruz qalır. Sanksiyaların əsas məqsədi Rusiyanı yeni texnologiyalardan məhrum etməkdir. Çünki bu gün texnologiya olmadan iqtisadi inkişafa nail olmaq mümkün deyil. Qərb də çalışır texnologiyaların Rusiyaya axınının qarşısını alsın. Azərbaycan bölgədə yeganə dövlətdir ki, həm ABŞ, həm AB, həm də Rusiya ilə normal münasibətləri var. Bu cəhətdən . Həm texnologiya sahəsində əməkdaşlıq baxımından, həm siyasi münasibətlər, həm də geosiyasi baxımdan Azərbaycan Rusiyanın digər dövlətlərlə konstruktiv əməkdaşlıq qurmasına yardım edir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Rusiya-Türkiyə əməkdaşlıq formatları Rusiyanın bölgədə digər dövlətlərlə konstruktiv əlaqələr qurmasına kömək edir. Bu baxımdan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqları nəzərə alan bərabərhüquqlu milli maraqlar üzərində qurulub. Bu, hər ölkəyə nəsib olmayan uğurdur. Azərbaycan isə buna nail ola bilib.

Bunun da əsas səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasiti və şəxsi nüfuzu, eyni zamanda Azərbaycan dövlətinin tutduğu strateji xətt və iqtisadi-siyasi gücünün yüksək səviyyədə olması ilə bağlıdır".

İlkin İzzət Son.az