22 yaşında ağrılardan xilas olan və həyatı dəyişən gənc Örnək FOTO


Digərləri 01 Okt 2018 23:15:00 296 0

22 yaşında ağrılardan xilas olan və həyatı dəyişən gənc  Örnək  FOTO

Samir Panaliyev: "İnsan maneələri düşüncəsində həll etməlidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Mükəmməl olmaq deyil, xoşbəxt olmaq önəmlidir. Ehtiyaclarını heç kimə möhtac olmadan ödəyə bilirsənsə, bu, çox qiymətlidir. Çünki həyatda başına elə bir iş gələ bilər ki, telefonuna gələn zəngə cavab vermək imkanın ola bilməz. Bu gün mən sizinlə görüşə öz ayağımla gələ bilmişəmsə, bu, böyük uğurdur".

Bu sözlərin müəllifi anadangəlmə fiziki məhdudiyyətinə görə, ayrı-seçkilik yaşayan, bunlara rəğmən, həyatla mübarizə aparmağı və bu gününə şükür etməyi bacaran Samir Panaliyevdir. Samir fəal gənclərimizdəndir və həyata keçirdiyi layihələrlə hər zaman diqqət mərkəzindədir. Məhdudiyyəti isə boyunun balaca olmasıdır.

"22 yaşımda yaşadığım ağrılardan xilas oldum"

Ailədə 5 nəfərdirlər. İki bacısı var. Dediyinə görə, nəsildə yeganə balacaboy özüdür: " Problemim uşaq vaxtından yaranmışdı.  Doğuş zamanı belim qırılıb, lakin heç kimin xəbəri olmayıb. Qırıq bel ilə məni bələyiblər. Ağlasam da, "körpə uşaq ağlayar" deyib, fikir verməyiblər. Doğuş həkimim də nənəm olub. Gün keçdikcə, ağrılarım artdığı üçün artıq dayanmadan ağlamışam. Laçın rayonuna həkimə aparıblar. Problemin nə olduğu bilinəndən sonra isə məni Bakıya gətiriblər.  9 ay gipsdə qalmışam. Gipsi saxlamağa səbrim çatmadığı üçün tez hərəkətdə olmağa, yeriməyə başlamışam və nəticədə ayaqlarım əyilib. Bundan sonra raxitlik prosesi başlayıb". 

Ayaqlarındakı problemə görə, uzun illərdir ağrılardan əziyyət çəkməli olan Samir, nəhayət 22 yaşında ağrısız həyata qədəm qoyur : "22 yaşına qədər əyri ayaqla yaşadım. Ondan sonra əməliyyat olundum, boyumu 20 sm uzatdılar, ayaqlarımın əyriliyini düzəltdilər. Əvvəl ayaq üstə çox dura, uzaq məsafələri gedə bilmirdim, soyuq olanda ayaqlarım məni incidirdi. İndi boyum balaca olsa da, normal insanlar kimi istədiyim hərəkəti edə bilirəm".

"Oxumasan, əziyyət çəkəcəksən"   Ayaqları sağaldıqdan sonra ictimai fəaliyyətlə məşğul olmağa, layihələr yazmağa başlayıb: " İlk layihəm etika və davranışların təbliği ilə bağlı olub. İkinci layihəm isə vətənpərvərliyin inkişafı ilə bağlı idi və Bakıda keçirilib. Beləliklə, bu işdə uğur qazanmağa başladım. Düşünürəm ki, hər gəncin ilk məqsədi ali təhsilli olmaq deyil, məktəbdə müəyyən biliklərə yiyələnmək olmalıdır. Ali olmasa da, təhsilin olmalıdır. Hər bir gəncin bünövrəsi orta məktəbdə qoyulmalıdır. Nə atam, nə də anam təhsilli olmayıb. Ancaq atam həmişə mənə dəstək olub ki, yaxşı təhsil alım. Deyirdilər ki, oxumasan, gələcəkdə çox əziyyət çəkəcəksən.  Məncə, önəmli olan ali təhsil deyil, həvəsin olan istiqamətə doğru getməkdir".


Xəbərə aid fotolar