BŞTİ: Bu il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub


Digərləri 01 Okt 2018 19:04:00 272 0

BŞTİ: Bu il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Bakı. Oktyabrın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2018-2019-cu dərs ili üzrə ilk məşğələlərə start verilib. İdarədən Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrində tədbirlər keçirilib. Qeyd olunub ki, 2018-2019-cu tədris ilində paytaxtın ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına ümumilikdə 5 yaşlıların 75 faizi həddində uşağın cəlb olunması nəzərdə tutulur. Bu, məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Həmçinin, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub.