Xəzər dənizi:


Digərləri 01 Okt 2018 16:16:00 286 0

Xəzər dənizi:

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci il avqustun 12-də əldə edilmiş razılaşmadan sonra hansı gözlənilməz hadisələr baş verə bilər?

XX əsrdə baş vermiş geosiyasi təlatümlər coğrafiyanı dünyanı yenidən "çəkməyə" vadar etdi. Bizim adət etdiyimiz planetar bölünmə yerini iki nəhəng güc arasındakı mübarizəyə - ABŞ ilə SSRİ-nin "soyuq müharibə"sinə, həmçinin "üçüncü dünya"nın transformasiyası nəticəsində yaranan Asiya, yaxud Avrasiyaya verməklə, bir qədər zəifədi. Yeni sənayeləşmiş ölkələrin meydana gəlməsi xüsusilə Asiya fenomeninə çevrildi.

Xəzər dənizi: bir az geosiyasətdən danışaq

Təxminən 400 min kvadratmetr sahəsi olan Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidi. Əlverişli geosiyasi mövqeyə malik olmaqla yanaşı, o, həm də böyük həcmdə karbohidrogen ehtiyatlarına və dünyanın ən yaxşı kürüsünə sahibdir. Hesablamalara görə, Xəzərin neft ehtiyatı 50 milyard barel, qaz ehtiyatları isə 300 trilyon kubmetrdir.

XIX əsrdə Qafqazın və Mərkəzi Asiyanın Rusiya tərəfindən işğal edilməsindən sonra Xəzər rus-fars dənizinə çevrilmişdi. O zaman Hindistanadək gedib çıxmış Birləşmiş Krallıq isə həm özünü göstərməyə, həm də Rusiyanın isti dənizlərə doğru irəliləməsinin qarşısını almağa çalışırdı. Başqa sözlə, Rusiya və Britaniya imperiyaları arasında Hindistanda, həmçinin Mərkəzi Asiyada nəzarəti ələ keçirmək uğrunda "böyük oyun" gedirdi...

Xəzər dənizinin statusunun hüquqi bazası isə 1921-ci ildə imzalanmış Sovet-İran müqaviləsilə təsbit olunmuşdu. 1940-cı ildə imzalanmış ikinci saziş Xəzəri "Sovet-rus dənizi" kimi qiymətləndirir, bu müqaviləni təsdiqləyirdi. Lakin SSRİ-nin dağılması ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi üç yeni Xəzəryanı dövlətin yaranması bölgədə vəziyyəti dəyişdi.

Qafqazla Orta Asiya: qaçılmaz tərəfdaşlıq?

25 il davam edən müzakirələrin sonunda, nəhayət, Xəzər dənizinin gömrük rüsumları, maliyyə şərtləri, sosial tənzimləmə və s. təmin edən statusu müəyyənləşib. İndi, həm də Xəzər dənizinin iki sahilində ticarət azaddır.

Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi deyir ki, bu, sahilyanı ölkələrin hər birinin dənizin resurslarından balanslı şəkildə istifadə etməsi üçün gözəl vasitədir. Bununla yanaşı, razılaşmada hər bir ölkə üçün 2 növ uğur xüsusi qeyd edilə bilər: bəzi ölkələr bundan əsl iqtisadi səmərə əldə edəcək, digər dövlətlər üçün məsələnin diplomatik və siyasi tərəfi iqtisadiyyatdan üstündür.

"Əgər biz bu sazişə dəniz dibinin sektorlara bölünməsi prinsipindən baxsaq görərik ki, Qazaxıstanla Azərbaycan bundan ən çox faydalanan ölkələr olacaq. Çünki onların payına düşən sektorlar neft və qazla daha zəngindir", - deyə Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin bildirir.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov öz növbəsində dənizin hüquqi statusunun müəyyənləşdirilməsində ölkəsinin rolunu qeyd edir. Onun fikdincə, Azərbaycan Xəzəryanı ölkələrlə ikitərəfli və çoxtərəfli, qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmaqla, 12 avqust razılaşmasının əldə edilməsində əhəmiyyətli rol oynayıb: "Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub".

Rusiya - siyasi qalib

IPSE prezidenti Emmanüel Düpüi hesab edir ki, bu sazişlə Rusiya onilliklərdən bəri mövcud olan, problemləri həll etmək üçün güzəştə gedən beynəlxalq diplomatik aktor imicini möhkəmləndirib. Kreml qonşularına güzəştə gedib və bununla da hər şeydən əvvəl, bölgədə sabitliyin təşəbbüskarı olduğunu nümayiş etdirmək imkanı qazanıb. Məsələ ondadır ki, Gürcüstan (2008), Ukrayna (2014) və Suriyadakı (2011-2018) böhranlardan sonra Moskvanın bu imicinə zərbə dəymişdi.