ADU-nun rektoru Kamal Abdulla rus dili səfirləri ilə görüşüb


Digərləri 01 Okt 2018 14:38:00 274 0

ADU-nun rektoru Kamal Abdulla rus dili səfirləri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq könüllülük proqramı olan “Dünyada rus dili səfirləri” layihəsi çərçivəsində Azərbaycanda olan rusiyalı gənclərlə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq könüllülük proqramı olan “Dünyada rus dili səfirləri” layihəsi çərçivəsində Azərbaycanda olan rusiyalı gənclərlə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnunluğunu bildirib. O, universitetdə tədris olunan bir çox dillər sırasında rus dilinin xüsusi əhəmiyyətini vurğulayıb. ADU-da bir çox dil və mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının mövcud olduğunu deyən K.Abdulla Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasında həyata keçirilən layihələrdən, rusdilli ölkələrin ədəbiyyatı və mədəniyyəti ilə bağlı keçirilən tədbirlər, görüşlərdən, tələbələrlə aparılan işdən danışıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən K.Abdulla Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətindən söz açıb. O, “Azərbaycan multikulturalizmi” fənninin ölkəmizlə yanaşı, Almaniya, İtaliya, Portuqaliya, Rusiya, Gürcüstan və bir çox digər xarici ölkələrin universitetlərində də tədris olunduğunu qeyd edib. K.Abdulla ADU-da da Multikulturalizm mərkəzinin fəaliyyət göstərdiyini və mərkəzin gördüyü işləri qonaqların diqqətinə çatdırıb. Kamal Abdulla, həmçinin universitetin bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq etdiyini, beynəlxalq tədbirlər, konfrans, seminar, simpoziumlar təşkil olunduğunu söyləyərək Almaniyanın Vürsburq Universiteti ilə birgə keçirilən “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş simpoziumları xatırladıb. “Dünyada rus dili səfirləri” layihəsinin ADU-da pilot olaraq ötən ildən həyata keçirildiyini deyən K.Abdulla Rusiya universitetləri ilə gələcək perspektivlər, birgə nəşrlər, mübadilə proqramları ilə bağlı fikirlərini söyləyib.