Eldar Əzizov: “Baş Plan hazır olan kimi müzakirəyə çıxarılacaq”


Digərləri 01 Okt 2018 11:32:32 249 0

Eldar Əzizov: “Baş Plan hazır olan kimi müzakirəyə çıxarılacaq”

Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün "Böyük Üçlük" adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - "The Boston  Consulting Group" ("Boston Konsaltinq Qrup") şirkətini bu işə cəlb edib.

Son.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov bu istiqamətdə işlərin davam etdirildiyini açıqlayıb:

"Bu gün dünya çox böyük sürətlə inkişaf edir. Azərbaycan da buna ayaq uyduraraq, yüksək inkişaf nümayiş etdirir. Artıq bütün sahələrdə işinin peşəkarları çıxış etməlidirlər. Bu səbəbdən Bakının Baş Planının hazırlanmasına da peşəkar mütəxəssislər cəlb olunub. İşin ümumi keyfiyyətinin yüksəldilməsi üçün həm xarici ekspertlər dəvət olunub, həm də yerli memarlar prosesə cəlb edilib".

BŞİH rəsmisi hazırda konseptual xarakterli tələblərin hazırlandığının vurğulayıb:

"Tələb edilən məsələlər hazır olandan sonra müzakirəyə çıxarılacaq. Biz də ümumi olaraq öz tövsiyələrimizi vermişik. Amma əsas olan, təbii ki, mütəxəssislərin rəyidir". 

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "The Boston Consulting Group" şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.