Təhqir və məsxərə Quranın qadağan etdiyi bir əməldir


Digərləri 30 Sen 2018 21:50:00 259 0

Təhqir və məsxərə Quranın qadağan etdiyi bir əməldir

Yaşadığımız cəmiyyətdə fərqli fikirlər mövcud ola bilər. Bəzən din və dini dəyərlər tənqid və hətta təhqir oluna bilər. Belə olan halda vəzifəmiz nədir?

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, əksər zamanlar tənqid adı altında təhqirə, məsxərəyə yol verilir. Maraqlıdır ki bəzən təhqir və məsxərə tənqid adı altında həyata keçirilir. Elə isə təhqir, məsxərə və tənqidi birgə araşdıraq və aralarındakı fərqi birgə öyrənmiş olaq.

Təhqir - Alçatmaq, xar etmək, kiçiltmək, hörmətsizlik, heysiyyət və mənliyə toxunan söz, əməl kimi mənaları özündə ehtiva edir.

Məsxərə də təhqirlə yaxın məna daşıyır. Məsxərə, istehza ilə eyni mənadadır. Məsxərə odur ki, birini təhqir etməklə onun hörmətini aşağı salınsın. Bu ifadə dini dəyərlər barədə də istifadə olunur.

Dinimiz baxımından təhqir və məsxərə çox böyük cəzası olan əməldir. Uca Yaradan bu işi görənlər barədə "vay" kəlməsin istifadə edir:

Huməzə surəsi, 1: "İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına".

Məsxərə etmək o qədər rəzil bir əməldir ki, Allah Qiyamət günü həmin əməl sahibləri ilə danışmaz və onları təhdid edər:

Allah buyurar: "Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!" ("Muminun" surəsi, 108)

Növbəti ayədə isə bu ağır cəzanın səbəbi açıqlanır:

"Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi: "ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan" deyərdilər. ("Muminun" surəsi, 109)

"Lakin siz onları ələ saldınız və nəhayət sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara güldünüz." ("Muminun" surəsi, 110)

Bu ayədən daha bir nəticə çıxır. Məsxərə etməyin axirət cəzasından əlavə dünyada da cəzası var. O da Allahı unutmaq, Allahdan uzaq düşməkdir. Bir insan üçün bundan daha ağır bir cəza ola bilməz. Əgər bir şəxs elə bu halda tövbə etmədən dünyadan köçərsə, onu dəhşətli əzab və ağır bir həyat gözləyir. Həmin şəxs məhşərə kor halda daxil olub Allahın mərhəmətindən uzaq olacaqdır. Allah Quranda buyurur: "Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" O, belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!" (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!" ("Taha" surəsi, 124,125,126)

"Qurani-Kərim"də buyurulur:  "İmanlı şəxsləri dünyada məsxərəyə qoyanlar, təhqiramiz və istehzalı gülüşlərlə onların yanından ötüb keçənlər, göz-qaşla işarə edib rişxənd edənlər və özlərinin bu (çirkin) əməlləri ilə xoşhallanıb qürrələnənlər bilsinlər ki, sabah onlara gülmək üçün növbə möminlərindir."

Aşağıdakı ayələr bu mətnin məzmununu təşkil edir:

"Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər." ("Mutəffifin"surəsi, 29) "(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər."  ("Mutəffifin" surəsi, 30) "Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar." ("Mutəffifin" surəsi, 31) Onları (möminləri) gördükdə : "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər".  ("Mutəffifin" surəsi, 32) "Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdilər." ("Mutəffifin" surəsi, 33) "Bu gün isə möminlər kafirlərə güləcəklər." ("Mutəffifin" surəsi, 34)  "Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər)," ("Mutəffifin" surəsi, 35) Sonra rişxəndlə deyilir:

"Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!" (Əlbəttə, aldılar!) ("Mutəffifin" surəsi, 36) Qısası, rişxənd və istehza bir növ eyib tutmaqdır. Başqalarını güldürmək üçün bu günaha batmaq və kimisə təhqir etmək ağılsız, yaramaz bir hərəkətdir. Məsxərə etməklə məşğul olanlar özlərinin bu çirkin əməlindən qürrələnir və bu da onların möminlərə həqarətlə baxmasına səbəb olur. Nəticədə isə, onlar bu əməlləriylə özləri üçün ağır bir əzab hazırlamış olurlar. Bunun nümunəsi yuxarıdakı ayələrdə qeyd olundu.

Mövzu ilə əlaqəli daha bir ayəni oxuyaq:

"Ey iman gətirənlər: Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd etməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir: (Özlərinə zülm edənlərdir!) ("Hucurat"surəsi, 11)

Təfsirçilərdən bəzisi yuxarıdakı ayənin nazilolma səbəbləri barədə belə yazmışlar:

Bu ayə Sabit ibn Qeys ibn Şəmmas haqda nazil olmuşdur. Sabitin qulaqları ağır eşidirdi. Məscidə daxil olanda Peyğəmbərin (s) mübarək kəlamlarını eşitmək üçün ona minbərin yaxınlığında oturmağa yer verirdilər.