“13cü maaş” nədir, kimlərə verilir və


Digərləri 30 Sen 2018 19:35:00 343 0

“13cü maaş” nədir, kimlərə verilir və

Bir çoxlarımız "sirli" 13-cü maaş barədə eşitmişik. Hətta bəzilərimiz bu mükafatı alan bəxtəvərlədən biriyik. Bəs 13-cü maaş nədir, kimlərə verilir və nə cür hesablanır, işəgötürən bu pulu ödəməyə borcludurmu? Bu məqaləmizdə çalışacayıq bu suallara cavab verək.

"13-cü maaş" nədir?

Son.az gencaile.az-a istinadən bildirir ki, "13-cü maaş" - ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd - işçlərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır. "13-cü maaş" anlayışı hələ sovet vaxtlarında yaranmışdır. Əslində bu cür mükafatları ilin nəticələrinə görə mükafat adlandırmaq olar. Lakin, sovet vaxtlarında xalq arasında bu mükafata "13-cü maaş" deyilirdi, çünki hər ilin sonunda işçilərə orta aylıq əmək haqqı məbləğində mükafat verilirdi.

Hüquqi əsasları

Nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

əlavə məzuniyyət verilməklə;

əmək haqqına fərdi əlavə edilməklə;

daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

sanatoriya-kurort müalicəsi, turist səfərləri

yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

Buradan nəticə çıxarda bilərik ki, "13-cü maaşın" verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır. Müəssisə "13-cü maaşı" öz istəyi ilə hansı işçiyə istəsə verə bilər. Bir çox hallarda bu mükafatın verilməsi, işçilərin şəxsi nəticələrindən asılı olmayaraq, müəssisənin ilin sonuna olan maliyyə nəticələrindən və imkanlarından asılı olur. Əgər ilin sonuna müəssisə zərər ilə işləyibsə, əlavə mükafatlar verilmir. Və bu qanun pozuntusu deyil.

Müəssisə və işçilər ilə bağlanılan əmək müqavilələrində, kollektiv müqavilələrdə "ilin sonuna mükafatlandırma" barədə bənd varsa, bu zaman, vəziyyət başqa cür ola bilər. Müəssisə bu zaman "13-cü maaşı" verməyə bocludurmu? Təbii ki bəli. Çünkü bu barədə əmək müqaviləsində qeyd var və müəssisə öhdəlik götürüb ki, ilin sonunda müəssisənin nəticələrindən asılı olaraq işçilər mükafatlandırılacaqlar. Əgər ilin nəticələrinə görə işçilər mükafat almalıdılarsa, lakin müəssisə bu mükafatı ödəmirsə, o zaman, işçi məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər.

"13-cü maaş" nə vaxt verilir?

İlin nəticələrinə görə pul mükafatı müəssisə tərəfindən adətən yeni il bayramından öncə verilir. Hər şey müəssisənin rəhbərliyinin qərarından, hesablama qaydasından, müəssisədaxili maliyyə və kadr siyasətindən asılıdır. Bəzən, ilin nəticələrinə görə pul mükafatı və ya "13-cü maaş" il bitdikdə və müəssisənin maliyyə hesabatları dərc edildikdən sonra verilir.

"13-cü maaş"ın məbləği və onun hesablanması.

"13-cü maaş"-ın məbləğinin nə qədər olması və nə cür hesablanması müəssisə rəhbərliyinin qərarı əsasında müəyyən edilir. Bu məbləğin nə qədər olmasını öncədən pronozlaşdırmaq çətindir. Əgər ilin malyyə nəticələrinə görə müəssisə yüksək mənfəət əldə edibsə, mükafatın verilməsinə ümid var, əks halda, müəssisə ili zərər ilə başa vurubsa, mükafatın verilməsi çətinləşir.

"13-cü maaşın" hesablanması müxtəlif qaydada aparıla bilər:

sabit məbləğ formasında

işçinin əmək haqqısının müəyyən faizi miqdarında, və ya

işçinin orta aylıq əmək haqqısı miqadırında.

Mühasibat uçotu.

İşçi heyətinin mükafatlandırılması ilə əlaqədar ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar 533 N-li "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabında əks etdirilir. İşçilərə hesablanmış mükafatların məbləği mühasibat uçotunda aşağıdakı kimi uçota alına bilər:

müəssisənin xərclərinə aid edilməklə;

sair xərclərə aid edilməklə;

müəssisənin mənfəəti hesabına aid edilməklə.