Azərbaycan diplomatiyasını xaricdə təmsil edən


Digərləri 30 Sen 2018 13:28:00 257 0

Azərbaycan diplomatiyasını xaricdə təmsil edən

Bu gün Azərbaycan Respublikasının xaricdə 100-dən çox  səfirliyi, konsulluğu, fəxri konsulluğu, daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur. 

Bu məsuliyyəti daşıyanlar arasında Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarında rəhbər vəzifələrdə çalışan xanımlar da var.

Son.az modern.az-a istinadən diplomatik görəvdə rəhbər postlar tutan xanım diplomatlarımızı təqdim edir:

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nərgiz Akif qızı Qurbanova...

Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Nərgiz Qurbanova  1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb. 

1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova, həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb. 

N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.

Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.

N.Qurbanova, həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili  və səfirinin müavini olaraq) ezam olunub.

Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var. 

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım Məmməd qızı İbrahimova... O, eyni zamanda Lixtenşteyn Knyazlığında akkreditə olunub.

Səfir Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Xanım İbrahimova  1979-cu ildə Bakı şəhərində anadan olub.