Nəsimi Festivalı çərçivəsində Bakı Kitab Mərkəzində akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib FOTO


Digərləri 29 Sen 2018 22:59:00 314 0

Nəsimi Festivalı çərçivəsində Bakı Kitab Mərkəzində akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib  FOTO

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik" mövzusunda mühazirədə Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən mühazirəçi həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü, şairin sözlərinə mahnılar bəstələndiyini xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına "Nəsimi" filmi tanıdıb.

R.Hüseynovun sözlərinə görə, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi. Ondan sonra da Azərbaycan dilində yazanlar olub, lakin onlarda Nəsiminin dili qədər melodiklik, ifadə plastikası olmayıb. Mühazirəçi onların sırasında Qazi Bürhanəddinin, Həbibinin adlarını çəkib. Vurğulayıb ki, Nəsimini müasir dövrdə oxumaq və anlamaq daha asandır.

Mühazirəçi diqqətə çatdırıb ki, Nəsimidən sonra ədəbiyyatımızın və dilimizin özünəqayıdışı başlanıb, poetik lüğətlər yaranıb. Nəsimi anadilli ədəbiyyatı zirvəyə yüksəldib. İmadəddin Nəsimi olmasaydı, hürufilik bu qədər əhatəli olmaz və geniş yayılmazdı. Orta əsrlərdə etiraz hərəkatları daha çox şəhərlərdə olurdu. Bu hərəkatlarda hürufilik bir vasitə idi. Nəsimiyə qarşı hökmdarların sərt mövqeyinin arxasında ciddi siyasi səbəblər də dayanırdı. Çünki onun arxasınca gedən insanlar vardı.


Xəbərə aid fotolar