"Zəhramı məndən almayın" köhnə "Lada"da Qarabağ


Digərləri 29 Sen 2018 22:27:00 230 0

"Zəhramı məndən almayın"  köhnə "Lada"da Qarabağ

Ağır müharibə, döyüş yoldaşlarım, uşaqlarım, itirdiklərim, ailəm, bir sözlə, bütün həyatım canlanır o ağlı-qaralı lentdə, vahimələnirəm...

"Yaşamaq demək mümkünsə, yaşayıram... Eynən tək ağac kimi. Bu ilim, demək olar ki, dəniz sahilində keçib, orada qalmışam çox vaxt. Təklik kişi üçün çox ağırdır. Sanki divarlar üstümə gəlir. Hər şey, yaşadıqlarım kino lenti kimi keçir gözlərimin qarşısından. Ağır müharibə, döyüş yoldaşlarım, uşaqlarım, itirdiklərim, ailəm, bir sözlə, bütün həyatım canlanır o ağlı-qaralı lentdə. Vahimələnirəm..."

Bu ağrılı, yanğılı sözləri budəfəki qəhrəmanımız Seymur Mirzəyev söyləyib. Həm də ağrıya-ağrıya, ürəyi yana-yana...

Onu ilk dəfə 175 saylı məktəbin yaxınlığında görmüşdüm. Köhnə "Lada"sının üzərinə vurduğu elan diqqətimi çəkmişdi. Qarabağ əlilləri və şəhid ailələrinə taksi sürücüsü kimi pulsuz xidmət göstərdiyini yazmışdı və telefon nömrəsini qeyd etmişdi. Elan diqqətimi necə çəkdisə, ona zəng edib, daha yaxından tanımağa qərar verdim. Öyrəndim ki, elə həmin məktəbdə ocaqçı işləyir.

Söhbətimiz uzun, amma maraqlı oldu. Seymur Mirzəyev həyatından, yaşadığı çətinliklərdən, müharibə illərindən, yarım qalan ailə həyatından, itirdiyi övladından, tək ümidi olan nəvəsindən danışdı mənə. Mən də sizə danışmaq qərarına gəldim...

İnsanın həyatı hər zaman düz xətt boyunca davam etmir. Enişli-yoxuşlu, dolanbac həyat yolunun ağ üzünü də yaşayırsan, qara üzünü də. Yaşadığın müddətcə həyatın həm sevincini dadırsan, həm kədərini, həm xoşbəxtlik dolu günlərin istisinə qızınırsan, həm də bədbəxtlik sazağı iliklərinə kimi üşüdür. Ağrı-acılar, qəm-kədər nə qədər çox olsa belə, əyilmirsən, sınmırsan. İşıqlı günlərin ətəyindən tutub, qarşılaşdığın labirint dolanbacları dəf etməyə çalışırsan.

Eynən Seymur Mirzəyev kimi... Yaşadıqlarına rəğmən, bu gün onun üzü yenə də gülür. İtirdiklərinin acısı qəlbini yandırsa da, şükür edir. Ümidləri əlindən tutub onu yaşamağa, xoşbəxt olmağa səsləyir.

Seymur Mirzəyev 1991-ci ildən 1997-ci ilə qədər hərbiçi olub, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bu gün isə taksi sürücüsü kimi Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə təmənnasız xidmət göstərir. Deyir ki, Qarabağ müharibəsi əlillərini pulsuz gəzdirməsi öz həyatı ilə bağlıdır: "Müharibə yaşamayan adam onun nə olduğunu bilməz. Bu gün əlimdən gələn ancaq, Qarabağ müharibəsində sağlamlığını itirmiş şəxslərə xidmət etməkdir. Yaşadığım ağır, çətin günləri onların da yaşamasını istəmirəm".

Dediyinə görə, xidmət göstərdiyi şəxsin həqiqətən də Qarabağ veteranı olmasını dəqiqləşdirməkdə çətinlik çəkmir: "Vəsiqəsini tələb edib baxıram, sonra xidmət etdiyi hərbi hissəni, komandirini, döyüşlərdə olduğu əraziləri soruşuram. Söhbət edirəm, həm onları tanıyıram, həm də bu da bir təsəlli olur ki, o günləri görən, ağrısını yaşayan tək mən olmamışam".

Təəssüflər olsun ki, sağlamlığından Vətən uğrunda keçmiş həmvətənlərimizə təmənnasız xidmət göstərən taksi sürücüsünü aldatmaq istəyənlər də olur: "Aldatmaq istəyən də, sərxoş halda olan da minir avtomobilimə. Eləsi olub ki, vəsiqəsini göstərib, tək olduğunu bildirib, ancaq minəndə 4 nəfər olduqları məlum olub. Onları Xəzər yaşayış məntəqəsindən Lökbatana aparmışam. Yanındakılar mübahisə etmək istəyiblər, Qarabağ əlilinin əli əsalı olduğuna görə dinməmişəm".

Seymur Mirzəyev Şamaxıda dünyaya gəlsə də, bütün həyatı Bakıda keçib. Hazırda keçmiş "Sovetski" deyilən ərazidə yaşayır.

Dediyinə görə, həyat yoldaşı uzun müddətdir onu tərk edib, böyük oğlu ilə yaşayır. Tək təsəllisi isə nəvəsi - kiçik oğlunun qızı Zəhradır: "İndi də Zəhramı əlimdən almaq istəyirlər. Oğlum Vidadi dünyasını dəyişəndən 6 ay sonra gəlin atası evinə qayıtdı. Tez-tez gedib nəvəmi görürdüm, onunçün bazarlıq edirdim. İndi gəlinim Türkiyə vətəndaşı ilə ailə qurmağa hazırlaşır, istəyir ki, nəvəmi də özüylə aparsın. Amma mən buna razı deyiləm, Zəhra olmasa, yaşaya bilmərəm".


Xəbərə aid fotolar