"CanSat Azərbaycan 2018" müsabiqəsinin final mərhələsi başa çatıb FOTO


Digərləri 29 Sen 2018 21:51:00 264 0

"CanSat Azərbaycan 2018" müsabiqəsinin final mərhələsi başa çatıb  FOTO

"Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə tələbələr arasında keçirilən "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin final mərhələsi başa çatıb.

"Azərkosmos" ASC-dən Son.az-a verilən məlumata görə, bu ilin ilk aylarından etibarən elan edilən "Cansat Azərbaycan" müsabiqəsində Azərbaycanın 11 universitetindən mexanika və komputer mühəndisliyi, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət 31 komanda qeydiyyatdan keçmişdir.

Bugünkü final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"-nin (PDR-Preliminary Design Review), "Yekun Hesabat Sənədi"-nin (CDR-Critical Design Review) təqdim edilməsi mərhələlərini uğurla bitirən 7 universitetdən 10 komanda vəsiqə qazanıb.

Tələbələrdən ibarət olan komandalar hazırladıqları 500 qramlıq peyk modelini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıblar. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal - telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə etdikləri nəticələri Jüri qarşısında təqdim ediblər. Qeyd edək ki, Jürinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev, Jürinin üzvləri isə Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.V.Skobeltsin adına Elmi-Tədqiqat Nüvə Fizikası İnstitutunun ümumi və xüsusi praktikum laboratoriyasının müdiri Vladimir Radçenko, ABŞ-da keçirilən beynəlxalq CanSat müsabiqəsinin layihə rəhbəri Mark Volker, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov və "Azərkosmos" ASC-nin mütəxəssilərindən ibarət olub.

Azərbaycanda ilk dəfə olaraq keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.


Xəbərə aid fotolar