Deputat: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların qondarma rejimlə aparılması kimi iddialara son qoyuldu


Siyasət 29 Sen 2018 21:06:00 378 0

Deputat: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların qondarma rejimlə aparılması kimi iddialara son qoyuldu

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən bu ilin aprel ayından bəri davam etdirilən sərt ritorikaya son qoyuldu.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat hesab edir ki, bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsi idi:

"Beləliklə, Paşinyan tərəfindən danışıqların Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyuldu. Başqa sözlə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı. Nəticə isə odur ki, Ermənistan tərəfindən Azərbaycanın torpaqlarının 20 faizi işğal edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib və bunun məsuliyyəti Ermənistanın üzərindədir".

H.Babaoğlu vurğulayıb ki, bütün bunlara baxmayaraq hazırkı mərhələdə Azərbaycanın problemin sülh yolu ilə həllinə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır:

"Bu gün işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır. Buna paralel olaraq regionun iqtisadi və sosial-mədəni bütövlüyü də pozulub. Regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Yaxşı olar ki, yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək Ermənistan işğal faktının aradan qaldırlıması ilə bağlı konkret addımlar atsın. Bu hamının xeyrinə olar".