Almaniyada tələbələrdən təhsil haqqı nəyə görə alınır?


Digərləri 29 Sen 2018 19:22:00 269 0

Almaniyada tələbələrdən təhsil haqqı nəyə görə alınır?

Almaniyada Baden-Vürtemberq ali məktəbləri istisna olmaqla, digər universitetlərdə ilk ali təhsil dərəcəsi almaq üçün təhsil haqqı alınmır. Bu ölkədə semestr üçün ödəniş edilməsi xahişi ilə universitetdən daxil olan məktub yeni tələbələri təəccübləndirə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, semestr haqqı (Semesterbeitrag) Almaniyada həm yerli, həm də əcnəbi tələbələrin təhsilini davam etdirməsi üçün mütləq şərtdir. Onlar yarım ildə bir dəfə universitetdən göstərilən tarixdə ödənilməsi lazım olan qəbz alırlar. Bu qayda aspirantlara və mübadilə proqramı üzrə Almaniyada təhsil alan əcnəbi tələbələrə də şamil olunur. Doğrudur, bu qruplar üçün bir çox hallarda semestr haqqının məbləği bir az aşağıdır.

Çox vaxt universitetlər bunu cari semestrin başa çatmasından bir neçə həftə əvvəl elektron poçt vasitəsilə xatırladırlar. Ödəniş edən tələbə universitetə təhsilini davam etdirmək niyyətini (Rückmeldung) bildirir. Yalnız bundan sonra ona tələbə bileti və növbəti semestr üçün digər sənədlər verilir.

Vaxtında ödəniş edilmədiyi halda, universitetlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən cərimələr tətbiq edir. Belə ki, Bonn universitetində cərimənin məbləği 5 avro, Berlin Texniki Universitetində isə 20 avrodur. Əgər dərslərin başlanmasından iki həftə keçmiş qəbzlər ödənilməsə, yaxud qismən ödəniş edilərsə (hissə-hissə ödənişə icazə verilmir), onda tələbə avtomatik olaraq xaric edilir.

Tələbənin ödəniş etdiyi, lakin təhsilini davam etdirmək istəmədiyi halda, pullar qaytarılır. Bir çox hallarda universitetlər ağır əlilliyi olan tələbələri semestr haqqından azad edir. Bəzi ali təhsil müəssisələri akademik tətil götürən tələbələr, məsələn uşağa baxmaq, yaxud xaricdə mübadilə yolu ilə təhsil almaq istəyənlər üçün güzəştə gedir və ödənişin məbləğini azaldır.

Eyni universitetdə bütün tələbələr üçün semestr haqqının məbləğində fərq yoxdur və bu zaman tələbələrin gəlirləri və maliyyə vəziyyəti nəzərə alınmır. Bu məbləğ müxtəlif universitetlərdə 70-300 avro arasında dəyişir. Belə ki, 2018-2019-cu dərs ilinin qış semestrində Ştralzund ali məktəbində birinci kurs tələbələri üçün ödənişin məbləği 88 avro, digərləri üçün 71 avro, Bayroyt Universitetində 107 avro, Hamburq Universitetində isə 325 avrodur.