Paşinyan iddialarından geri çəkildi VİDEO


Siyasət 29 Sen 2018 19:04:00 245 0

Paşinyan iddialarından geri çəkildi  VİDEO

Ötən gün Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində danışıqların davam etməsi üçün şərait yaratdı. Ən əsası, Paşinyan danışıqların Dağlıq Qarabağdakı qondarma rejim ilə aparılması və formatın dəyişidirlməsi iddialarından əl çəkdi. Dövlət başçılarının görüşündə bəzi razılıqlar əldə edilib

Millət vəkili, politoloq Rasim Musabəyov deyir ki, Azərbaycanın prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət addım kimi qiymətləndirilə bilər. Çünki bu görüşlə rəsmi İrəvanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkildi. Onun sözlərinə görə, bu görüşdə Ermənistan tərəfindən əvvəlki danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdlərinə son qoyuldu.

Eyni zamanda, əvvələr Paşinyan danışıqların qondarma "Dağlıq Qarabağ Respublikası" ilə aparılmasını iddia edirdisə, bu görüşdən sonra artıq bu iddiasından da əl çəkdi və davakar ritorika, manipulyativ davranışlar, tənzimləmə prosesinin mahiyyətinə zidd olam əsassız yanaşmalar aradan qalxdı. Artıq danışıqlar əvvəlki kimi Azərbaycan ilə Ermənistan arasında aparılacaq. Bu isə o deməkdir ki, Nikol Paşinyanın irəli sürdüyü iddialar beynəlxalq birlik tərəfindən qəbul edilməyib.

Maraqlıdır ki, Nikol Paşinyan görüşdən dərhal sonra atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı Bako Saakyana məlumat verib. Bu fakt onu göstərir ki, Dağlıq Qarabağdakı separatçı rejim Ermənistan rəhbərliyi tərəfindən idarə olunur.

Bundan başqa, bu görüşlə təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmləri yaradılması qərara alınıb. Rasim Musabəyov bu amilin gərginliyin azaldılmasına xidmət etdiyini deyir.

Tərəflər atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını da bildiriblər.

Videonu izləmək üçün şəklə klikləyin: