Ekspert: "Paşinyan danışıqların Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə səmərəli variant olması ilə barışdı"


Siyasət 29 Sen 2018 17:08:00 260 0

Ekspert: "Paşinyan danışıqların Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə səmərəli variant olması ilə barışdı"

MDB-nin Düşənbə sammitində Prezident İlham Əliyevlə Nikol Paşinyanın əldə etdiyi razılaşma aprel ayından indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərdə böyük yenilikdir.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri danışıqların davam etdirilməsi, iki ölkənin sərhədlərində və təmas xəttində atəşkəsin qorunması, habelə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə əldə edilmiş razılaşma mahiyyətinə və doğura biləcəyi nəticələrə görə böyük hadisədir:

"Bu razılaşma Ermənistanın sülh danışıqlarına daha konstruktiv yanaşmağa başladığını çox aydın ifadə edir. Razılaşaq ki, son 5 ayda bu, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ siyasətində tam yeni təzahürdür. Düşənbə razılaşması göstərir ki, Ermənistan rəhbəri ənənəvi danışıqlar formatını dəyişmək və qondarma rejimi müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasından geri çəkilib, sülh danışıqlarının Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə səmərəli variant olması ilə barışıb".

Ekspert vurğulayıb ki, son Düşənbə razılaşmasının başqa bir maraqlı məqamı da var: "Bu da ondan ibarətdir ki, sərhədlərdə insidentlər baş verəcəyi hallarda onun qarşısının mümkün qədər tez alınması üçün beynəlxalq vasitəçilərin müdaxiləsindən əvvəl iki dövlətin müvafiq strukturlarının yaratdığı təmas mexanizmi işə düşəcək. Bu, çox maraqlı elementdir və iki ölkənin ali rəhbərlərinin görüşünün çox yaxında baş tuta biləcəyi barədə ümidləri xeyli artırır".

Baş redaktor əlavə edib ki, Düşənbə razılaşması Dağlıq Qarabağ danışıqlarının beş ay əvvəl dayandırıldığı yerdən bərpa olunmasına şans açdı: "Əslində bu hadisə Ermənistanın yeni rəhbərinin qeyd-şərtsiz danışıqlar prosesinə qayıtması deməkdir. Bunu Azərbaycanın beş aylıq aralıq diplomatiya dövrünün uğuru saymaq olar. Yəqin unudulmayıb ki, Paşinyan ilk əvvəllər danışıqlar üçün hansı şərtlərdən çıxış edirdi: qondarma rejimin danışıqlarda iştirakı ilə yanaşı, Azərbaycanın öz üzərinə atəşkəsi pozmayacağı barədə öhdəlik götürməsi kimi absurd şərt qoyurdu. Ermənistanın yeni rəhbərinin danışıqlara nisbətən konstruktiv yanaşma tərzi əhəmiyyətli dönüş anıdır və ciddi siyasi-beynəlxalq səbəbləri var. Görünür ki, Paşinyan danışıqların bütün əvvəlki konsepsiyasını alt-üst edən dağıdıcı şərtlərin dünya tərəfindən heç bir halda qəbul olunmayacağını, əksinə, süngü ilə qarşılandığını zamanında görə bildi".

Onun sözlərinə görə, N.Paşinyanın danışıqlara münasibətinin dəyişməsində Azərbaycanın sərt, qəti və aydın müqaviməti böyük rol oynadı: "Paşinyanın mövqe dəyişməsinin Rusiya-Azərbaycan münasibətlərinin böyük sürətlə pozitiv cəhətdən dərinləşdiyi indiki günlərdə baş verməsi də təsadüf deyil. Görünür, erməni analitiklər proseslər davam edəcəyi halda Ermənistan rəhbərinin daha sıx təcrid vəziyyətinə düşə biləcəyinin fərqinə vardılar. Eyni zamanda, Paşinyanın BMT tribunasinda məlum aqressiv çıxışından sonra Prezident Əliyevlə hazırkı razılaşması da təsadüfi deyil. Paşinyan BMT-dəki görüşlərdə özünün əvvəlki Qarabağ davranışına dəstək tapa bilmədi. Ermənistanın danışıqlarda konstruktiv olmağa meyillənməsi, hansı səbəblərdən baş verməsindən asılı olmayaraq, proqressiv dəyişiklikdir. Paşinyan danışıqların Madrid prinsipləri əsasında davam etdirilməsinə razılaşsa, indiki Düşənbə razılaşmasının praktik əhəmiyyəti daha da artacaq. Paşinyan konstruktiv ruhda davam etsə, 2018-ci ilin Düşənbə razılaşması 1994-cü ildəki məşhur Bişkek protokolu kimi tarixə düşə bilər".

Son.az