Deputat: "Paşinyan əvvəlki mövqeyinin heç bir beynəlxalq dəstək qazanmadığını çox gözəl anladı"


Siyasət 29 Sen 2018 12:04:00 229 0

Deputat: "Paşinyan əvvəlki mövqeyinin heç bir beynəlxalq dəstək qazanmadığını çox gözəl anladı"

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində görüşündən sonra məlum oldu ki, Ermənistanın baş naziri artıq əvvəlki ritorikasını təkrarlamır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib: "N.Paşinyan təxminən 4 aydır Ermənistanın baş naziridir və bu 4 aylıq hakimiyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı israrlı şəkildə bu mövqenin üzərində dayanırdı ki, Ermənistan danışıqlara getməyə hazırdır, lakin bir şərtlə ki, danışıqlar masası arxasında həm də qondarma rejim otursun. Bununla əlaqədar Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, bu şərti biz qəbul etmirik, ümumiyyətlə, danışıqlarda format dəyişdirilə bilməz. Format isə odur ki, bu münaqişənin tənzimlənməsi prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak edirlər və heç bir halda qondarma rejim bu danışıqlarda təmsil oluna bilməz, çünki münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir".

Millət vəkili qeyd edib ki, N.Paşinyan eyni yanaşmalarını BMT-də də təkrarlamışdı: "Lakin onun Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə apardığı danışıqlardan sonra məlum oldu ki, Ermənistanın baş naziri artıq əvvəlki ritorikasını təkrarlamır və o, danışıqlar prosesində qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir, eyni zamanda danışıqların formatı dəyişməməlidir, danışıqlar prosesində tərəf kimi Ermənistan və Azərbaycan iştirak etməlidir".

E.Nəsirovun fikrincə, bu dəyişiklik onunla bağlıdır ki, Ermənistanın baş naziri əvvəlki yanaşmasının daha çox daxili auditoriyaya ünvanlandığını, lakin heç bir beynəlxalq dəstək almadığını çox gözəl anladı:

"Eyni zamanda, o, MDB dövlət başçılarının Düşənbə sammitində bu ideyasının dəstək almadığının növbəti dəfə şahidi oldu, ona görə də bu məsələdə praqmatik siyasət aparmaqdan başqa yol olmadığını gördü. Danışıqlar prosesində yalnız və yalnız Ermənistan və Azərbaycan tərəfləri iştirak etməlidir. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən oktyabr ayında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gözlənilən növbəti səfəri çərçivəsində artıq məhz Ermənistan və Azərbaycan rəhbərləri səviyyəsində danışıqlar aparılması ilə bağlı mövqe yekun təsdiqini tapacaq və artıq bundan sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqların vaxtının təyin edilməsi ətrafında müzakirələr gedə bilər".