Məşhurların övladları


Digərləri 29 Sen 2018 09:16:00 201 0

Məşhurların övladları

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

Son.az xəbər verir ki, modern.az ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyyətli səfiri Hidayət Orucovun qızı Səhər Orucova barəsindədir...

O Hidayət Orucov ki, bu yaxınlarda - 5 sentyabrda 74 yaşını tamam etdi.

Şair və dramaturq, nasir və publisist, tərcüməçi və ictimai xadim Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Muğru bölgəsindəki Maralzəmi kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunub, fasiləsiz olaraq 16 il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. 

Hidayətin həyatının İrəvan dövründə poeziya, publisitika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə ona Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib (1978), Sovetlər Birliyi dönəmində "Əməkdar igidliyə görə" medalı (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib (1978). 

Hidayət Orucov 1989-cu ildə ermənilərin ölkəmizə və xalqımıza növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.

Azərbaycan Respublikasının "Şöhrət" ordeni, Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları - "Ləyaqət" ordeni və Dağıstan Respublikasının Fəxri fərmanları ilə təltif olunub.

Çuvaşstan Respublikasının ali ədəbi mükafatı - Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı laureatıdır.

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984, mart 1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləyib. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri kitab mədəniyyəti tariximizdə mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folklore", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.