Nə məktəb məni dartırdı, nə də ki futbol... Görgötür


Kriminal 28 Sen 2018 23:19:00 419 0

Nə məktəb məni dartırdı, nə də ki futbol...  Görgötür

Elxan Cəfərov: "Fərdi nailiyyət səni başqa insanlardan üstün edə bilməz" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqdan böyüyə, hamımız onu "Şir evdən getdi" filmi ilə tanıyırıq. Uşaq yaşlarında çəkildiyi filmlərlə, yaratdığı obrazlarla həmyaşıdlarının qibtə etdiyi şəxs olub. Amma bu məşhurluq xarakterini dəyişməyib. Çünki düşünür ki, heç bir fərdi nailiyyət səni başqa insanlardan üstün edə bilməz.

"Gör-götür" rubrikamızın budəfəki qonağı aktyor, rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.   - Mavi ekranın sehrinə uşaq vaxtından qapılmısınız. Hər kəsin qibtə etdiyi uşaqlığınız olub. Uşaqlığınızla qürur duyursunuzmu?

- Keçmişə baxanda mənə elə gəlir ki, o uşaq mən deyiləm. Sanki, balaca Elxan başqa oğlan idi. Düzdür, hər hadisə, keçirdiyim hisslər yaddaşımdadır. Amma o uşağı özüm hesab etmirəm. Yadımdadır, özümü ilk dəfə ekranda görəndə bəyənməmişdim.

 - Həmyaşıdlarınız həyətdə futbol oynayanda siz kinoya çəkilmisiniz...  "O uşaq" çəkiliş meydançasında darıxırdımı? "bitsəydim futbol oynayardım" düşüncəsi olubmu?

- Çəkiliş meydançası o qədər maraqlı idi ki... Düzdür, çox çətin idi. Qızmar günəşin altında 6 ağır projektor yanır, üstünə tuşlanırdı. Amma meydançadakı yaradıcı ab-hava, televiziyadan tanıdığım aktyorları görməyim, onlarla tərəf müqabili olmağım çox maraqlı idi. Həmin vaxt futbol yadıma düşmürdü (gülür-A.Ə). Hər gün yeniliklərlə rastlaşmaq məni darıxmağa qoymurdu. İlk dəfə çəkiliş meydançasına 8 yaşımda düşmüşəm. Uşaq kimi formalaşmağım kinostudiyada olub. 6 yaşımdan kinostudiyada müntəzəm uşaq obrazlarını səsləndirirdim. Bu dünya mənim üçün çox maraqlı idi. Nə məktəb məni dartırdı, nə də ki futbol. Yaşıdlarımla təmasda olmadığım üçün uzun müddət dostlarım olmamışdı. Amma sonradan o dövr keçdi. Əslində,10 film 2 ildə çəkildi və yenidən normal uşaqlığıma qayıtdım. Adaptasiya məsələsində çətinlik çəkdim. Tanındığıma görə, bütün uşaqların mənə qarşı reaksiyası eyni olmurdu. Kimisi mənlə dostluq edirdi, kimisi qibtə ilə yanaşırdı. Nifrət edənlər də az deyildi. Ümumilikdə, münasibət pozitiv idi.   - Psixoloqlar deyir ki, xüsusilə uşaqlıq illərindən məşhurluq insanın xarakterini dəyişir. Məşhurluğunuz başınızı gicəlləndirdimi?

- Xeyr, o mərhələ rahat idi. Eqo baxımından problemim olmadı. Mən sovet dövründə böyümüşəm. Məşhur olduğuma görə, əlavə bonuslarım yox idi. Uşaq idim, məktəbli idim. Kinoya çəkilən vaxtlarda kinoya gedirdim, məktəb vaxtlarımda məktəbə gəlirdim. Uşaqlar qibtə edirdi düzdür, amma ona görə deyildi ki, mən məşhur idim. Ona görə idi ki, mən arada məktəbə gəlməyə bilirdim. Anlayırdım ki, heç bir fərdi nailiyyət səni başqa insanlardan üstün edə bilməz. Ailəm, nəsil-köküm mənimlə fəxr edirdi, amma məşhur olmağım özümə çatmırdı.

- Müsahiblərinizdən birində deyirsiniz ki, valideynlərinizdən aldığınız ən önəmli öyüd dünyanı sevmək və gözəlləşdirməkdir...

- Hər bir valideyn övladına sevgi aşılayır, həyatda özünü itirməməyi tövsiyə verir, çətin vəziyyətlərdə düzgün addım atmağa yönəldir. Atam rejissor, anam jurnalist idi. Anam Azərbaycan ədəbiyyatının gözəl bilicilərindən biri idi. Yadımdadır ki, mənə şeirlər deyir, nəsr əsərlərindən hissəciklər oxuyurdu. Bəzən narazılıq edirdim, dinləmək istəmirdim. Amma valideynin və uşağın düşüncələri arasında fərq odur ki, uşaq həmişə oyuncaq axtarır, valideyn onu kamilləşdirir. Valideynlərimin mənə aşıladığı sevgi, verdikləri öyüd nəsihət, oxuduqları kitablarla mən dünyanı gözəlləşdirə biləcəyimi anladım. Həm də incəsənətin ümdə vəzifəsi dünyanı gözəlləşdirməkdir.

- O qədər dəyərli işlərə imza atmısınız. Amma etiraf edək ki, "Şir evdən getdi" mütləq ilk anılır və xüsusi tanınır. Bu, sizi qıcıqlandırmır ki?

- Xeyr. Əvvəllər bu barədə düşünürdüm... Amma yaşlandıqca anlayırsan ki, hər bir insanın taleyində simvolik nöqtələr olur. Məhz həmin nöqtələr həyatını dəyişir. Bu, yəqin ki, mənim taleyimdir. İndi əsəbiləşmirəm. Etiraf edim ki, həmin filmdəki obrazımı bu gün rejissor kimi bəyənmirəm. Mən uşağı fərqli oynadardım. Bu filmlə anılmaq əvvəl məni qıcıqlandırsa da, artıq o həyatımı tam fərqli qiymətləndirirəm.

- İstedadı atanızdan aldığınızı söyləmisiniz. Maraqlıdır, Mailə Muradxanlıdan sizə nə keçib?

- Ana... nə deyim ki... Ata aparıcı, təyinedici qüvvədir. Amma dünya sevgisi, daxili stabillik, özünü idarə etmək, insanlara qarşı həssas, duyğulu münasibəti Mailə xanımdan öyrənmişəm. Onun elə dahiliyi ana sözünün özündədir.

- Uşaqlıqdan məşhur filmlərə çəkilən Elxan Cəfərov niyə sonralar aktyorluqdan rejissorluğa keçdi?

- Biz Moskvadan qayıdanda SSRİ tam dağılmamışdı, qarışıq dövr idi. O vaxt sənətlə məşğul olmaq mənasız bir şeyə çevrilmişdi. Sənət sonradan dirçəldi. O dövrdə aktyorluq etmək mümkünsüz idi. Aktyorluq elə sənətdir ki, qəlbini açmalısan. Aça bilmədinsə, yüksək sənətə nail ola bilməyəcəksən. Mən o dövrdə aktyor kimi yaşayıb, fəaliyyətlərini davam edən sənətkarlara pərəstiş edirəm. Həmkarlarım aktyor peşəsində çox çətinliklə üzləşdilər. Elə bil ki, kiməsə ürəyini açırsan, səni veclərinə almırlar. Ona görə də aktyorluqdan rejissorluğa keçdim. Valideynlərim də mənim fikirlərimi hər zaman dəstəkləyiblər. Çin fəlsəfəsində belə bir söz var ki, sən öz yolunu tapmısansa, artıq sənə müəllim lazım deyil. Ondan sonra həyat özü müəllimdir. Mənim də bu yolda müəllimim əvvəlcə atam, sonra həyat oldu.

- Elxan bəy, xarici görünüşə önəm verirsiniz. Hətta yeniyetməlik dövründəki dəyişikliyiniz sizi depressiyaya salıb...

- Gülür.(A.Ə). Uşaq vaxtı yaraşıqlı idim. Saçlarım da çox idi. Hətta dükandan su alanda, mənə bəzən "qızım" deyə müraciət edirdilər. Əsəbiləşirdim ki, mən oğlanam, qız deyiləm. Birdən-birə yeniyetməlik dövrü başladı, fizioloji dəyişikliklər oldu. Üzüm yekəldi, burnum böyüdü, əllərim dəyişdi. Bu, əhval-ruhiyyəmə öz təsirini göstərməyə bilməzdi. Bəlkə də, aktyorluqdan imtina etməyimdə bu vəziyyətin də rolu olub.

- Akrtisa Gülzar Qurbanova ilə evlisiniz. Tanışlıq tarixçənizdən danışaq...


Xəbərə aid fotolar