"Turist hər zaman haqlıdır"


Digərləri 28 Sen 2018 22:35:00 254 0

"Turist hər zaman haqlıdır"

Rəhman Səfərov: "Ölkəyə gələn hər bir turistə diqqət və qayğı ilə yanaşmalıyıq" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Bu gün dinamik inkişaf edən sahələrdən biri də turizmdir. Turizm elə bir sektordur ki, burada görülən işlər öz bəhrəsini bir neçə il sonra verir. Postneft dövründə turizm qeyri-neft sektorunun ən vacib qollarından biri hesab olunur. Bu mənada son illər ərzində ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğı artmaqdadır. Amma bununla yanaşı hələ qarşıda xeyli görüləcək işlər də var. Bu mövzuda dosent, turizm üzrə ekspert Rəhman Səfərovla həmsöhbət olduq.   - Rəhman müəllim, builki turizm mövsümü hansı göstəricilərlə yadda qaldı və nəticə nə dərəcədə qane edicidir?

- Bildiyiniz kimi, 2015-ci ildən etibarən ölkəyə gələn turist sayında ciddi artım tendensiyası müşahidə olunur. Bu il də ənənəvi olaraq bu artım qeydə alındı. Ötən illərə nisbətən bu il turizm mövsümündə ölkəmizə xüsusilə Yaxın Şərq və ərəb ölkələrindən gələn turistlərin sayında daha çox artım qeydə alınıb. Bu ilin ilk səkkiz ayında ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 20 faiz artıb. Ümumilikdə götürsək, nəticələr qaneedici hesab oluna bilər.   - Bu sahəyə son illər dövlət qayğısı artıb. Qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Amma müəyyən problemlər qalmaqdadır...

- Problemlərin olduğunu heç kim inkar etmir. Düşünürəm ki, bu sahənin inkişafı üçün göstərilən xidmətin keyfiyyəti artırılmalıdır. Sektora dövlət qayğısının artması sayəsində ölkəyə turist axını güclənib. Amma bu artımla bərabər, etiraf etməliyik ki, xidmətin effektivliyi istənilən səviyyədə deyil. Müştəri məmnuniyyəti hər zaman ön plana çəkilməlidir. Çünki bu amil gələcək illərdə ölkəmizə gələn turist sayına təsir edir. Turistlərin məmnunluğu ölkəmizə yeni turistlər qazandırır. Bütün bunlar əvvəlcədən düşünülmüş şəkildə, yəni kompleks şəkildə idarə edilməlidir. Çalışmalıyıq ki, turistlərə hər zaman yüksək keyfiyyətli xidmətlər təklif edə bilək.    - Ölkəmizə gələn turistlərin diqqətini daha çox cəlb edən nədir? Yəni Azərbaycan onların yaddaşında hansı özəlliklərinə görə qalır?

- Yaxın bir neçə il əvvələ qədər Azərbaycana turistlər daha çox işgüzar məqsədlə gəlirdi. Son bir neçə ildə isə bu yanaşma tamamilə dəyişib. Artıq ölkəmizə daha çox istirahət məqsədilə gələn turistlərin sayı digərlərinə nisbətən çoxdur. Hazırda Azərbaycanın müxtəlif regionlarına böyük turist axını müşahidə olunur. Ölkəmizin təbiəti, orqanik məhsulları turistlərin diqqətini cəlb edir. Onlar xüsusilə də bizim məhsullarımızın dadını bəyənirlər. Çünki indiki dövrdə dünyada orqanik məhsul tapmaq müşkülə çevrilib. Müxtəlif ölkələrdən gələn turistlər regionlarımızda bir neçə gün qalaraq milli mətbəximizin çeşidli təamlarından dadırlar. Bəzi turistlər etiraf edir ki, bizim ət və digər qida məhsullarımızın dadına baxmaq üçün yenidən Azərbaycana gəlirlər. Bütün bunlar isə Azərbaycanın turizim potensialına öz töhfəsini verir. Amma qeyd etdiyim kimi, son 4 ildə qeyd olunan artım tendensiyası növbəti illərdə göstərəcəyimiz xidmətlərdən asılı olaraq dəyişəcək.    - Necə düşünürsünüz, ölkəyə gələn turistləri yerləşdirmək üçün kifayət qədər hotel və mehmanxana varmı?

- Turist axını növbəti illərdə də indiki tempdə davam edərsə, yerləşdirmə məsələsi bir qədər problemə çevrilə bilər. Buna görə də otel və mehmanxanaların sayı daha da artırılmalıdır. Regionlarda 2-3 ulduzlu, ekonom mehmanxanaların sayı çox azdır. Amma belə mehmanxanalara hazırda böyük ehtiyac var. Növbəti illərdə bu məsələ öz həllini taparsa, biz daha çox turist qarşılaya və yerləşdirə bilərik. Bakı və Bakıətrafı ərazilərə turistlər daha çox işgüzar səfər edirlər. Amma regionlara sırf istirahət məqsədi ilə üz tutan turistlərin sayı daha çoxdur. Məsələ burasındadır ki, turistlər yerləşmə üçün böyük xərc çəkmək istəmirlər. Onlar daha çox istirahətə və qidalanmaya meyllidirlər. Bu mənada regionlarda ekonom klass, 2-3 ulduzlu otellərin daha da artırılması zərurəti yaranır.    - Etiraf etməliyik ki, ölkəyə gələn  turistlərin narazı qaldığı məqamlar da var. Məsələn taksi xidmətləri, bəzi məkanlarda qiymətlərin həddən artıq baha olması faktlarını göz ardı edə bilmərik. Bu problemlərin həlli istiqamətində hansı işlər görülür?