6 illik dostluğun payı: sevgi dolu ailə FOTO


Digərləri 28 Sen 2018 22:23:00 330 0

6 illik dostluğun payı: sevgi dolu ailə  FOTO

Səfər Səfərov: "Dostluq sevgiyə çevriləndə hansı addımı atdığını bilirsən" Mədinə Səfərova: "Ailə həyatı qurandan sonra dedim ki, Səfərdən başqası ilə evlənə bilməzdim" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə bir-birini tanımaqlarının 8 ili tamam oldu. Onun 6 ilini dost olublar, iki ildir ki, həm ailədirlər, həm də bir-birlərinin dostu, sirdaşı. "Ailə" rubrikamızın budəfəki qonaqları İT mütəxəssisi Səfər Səfərov və xanımı, İR mütəxəssisi Mədinə Səfərovadır.

Tanışlıqları işlə bağlı olub. Eyni iş mərkəzində yerləşən fərqli şirkətlərdə çalışırmışlar və şirkətlər arasında əməkdaşlıq olduğu üçün istər-istəməz onlar da qarşılaşırmışlar. Mədinədən fərqli olaraq, Səfər ünsiyyətcil olmasa da, qısa zamanda dostlaşırlar.

Bir ay keçmədi, dostlaşdıq

Mədinə deyir ki, Səfərin özünü hamıdan uzaq saxlamağı onun diqqətini çəkirmiş: "Səfərgilin şirkəti bizim şirkətə xidmət göstərirdi. Ona görə, iş əlaqəsi ümumi olaraq var idi, amma Səfər özünü hamıdan uzaqda saxlayırdı. Çətinlikləri sevən adam olduğum üçün onun bizimlə ünsiyyət qurmamağı mənə maraqlı gəlirdi. Əməkdaşlıq olduğuna görə, onların şirkətinin işçiləri ilə bizim işçilər bir yol gedirdik, söhbətimiz olurdu. Mən çalışırdım elə mövzular açım ki, Səfərə maraqlı olsun. Beləcə, ünsiyyətimiz yarandı, heç bir ay keçmədən dostlaşdıq".

Səfər deyir ki, dostluğun sevgiyə çevrilməsindən 2 ay öncə onlar ayrılmaq, dostluğu bitirmək qərarı verirlər: "2 ay ərzində bir-birimizə səbəblər gətirirdik ki, nəyə görə birlikdə ola bilmərik... Ya dostluq bitməli, ya da başqa formaya keçməli idi". 

Mədinə bildirdi ki, bu dostluq var ikən, onların şəxsi həyatında kiminsə olması bir az çətin məsələ idi: "Həyatımızda kimsə olsaydı və əks cinsin yaxın dost olduğunu desəydik, inanmıram ki, bu, müsbət qarşılanardı. İki ay mübahisə etdik və sonda dedik ki, dostluğa son verək, hərə öz həyatını yaşasın. Bu qərarı verdik, dostluğumuzu bitirdik, amma sabah gördük ki, yenə bir yerdəyik" (gülür).  

Xəbərin var ki, ətrafda hamı bizi sevgili bilir?

Mədinə deyir ki, dost olduqları müddətdə onun tanışları arasında Səfəri kim görsə "sən korsan, görmürsən, o səni sevir?" - sualını verirmiş. O isə "biz dostuq" deyib, gülüb keçirmiş. Belə-belə, 6 il söhbəti uzadır, lakin bir gün sözgəlişi Səfərə deyir: "Xəbərin var ki, ətrafda hamı bizi sevgili bilir?" O da "düz deyirlər də, sən məni görmürsən" cavabını verir. Və beləcə, dostluqları sevgiyə çevrilir. 4 ay sonra nişan olur, sonra da toy.

"Dostluqdan yaranan sevgi daha möhkəm olur" kimi bir fikir var, onlar bununla nəinki razılaşırlar, hətta evlənmək üçün uyğun adam tapmadığını deyən tanışlarına "uzun müddət dostluq etdiyin, adam varsa, ən yaxşı namizəd odur" məsləhətini də verirlər. Səfərə görə bu cür evliliklərdə səni çox "sürpriz" gözləmir, evləndiyin adamı çox yaxşı tanıyırsan: "Heç nə sənə sürpriz olmur, o insan illərlə tanıdığın bir şəxs olur. Sadəcə, sevgili olanda onu yeni bir tərəfdən tanımağa başlayırsan. Amma insan həmin insandır. Və dostluq sevgiyə çevriləndə hansı addımı atdığını bilirsən. Biri var ki, tam olaraq tanımadığın bir insanla görüşməyə başlayırsan, nəyi isə münasibətdən sonra kəşf edirsən. Amma biri də var, hər şeyi bilirsən, bütün riskləri ölçürsən. Ailə qurmaq "sonra yaxşı olmasa, boşanaram" kimi asan bir şey deyil. Ailə qurmaq qərarını davamlı, ömürlük olmaq istəyi ilə verirsən".  

Səfər isə çəkinmədən deyərdi ki, almıram

Səfər çox ünsiyyətcil olmadığı və soyuqqanlı olduğu üçün Mədinə düşünürmüş ki, o, insanpərvər deyil. Dost olduqdan sonra isə əksini görür: "Bir xanım iş yoldaşım vardı, bəzən işdə əks cinsin nümayəndələrinə şokolad, dondurma aldırmağa çalışırdı, oğlanlar da bunu edirdilər. Səfər isə çəkinmədən deyirdi ki, almıram. Bu cür davranmağı məndə belə təəssürat yaradırdı ki, insanpərvər, diqqətcil adam deyil. Mən özüm hər kəsə qarşı diqqətli insanam, qarşımdakılardan da məhz bunu görmədiyim üçün məyus ola bilərəm. Dost olduğumuz müddətdə isə tamam başqa cür olduğunu gördüm. Bir dəfə yanında hansısa kitabı axtardığımı dedim, ad günümdə onu almışdı. İstəyin bir il onun yadında qalır, istədiyin bir şeyi edir. İndiyə kimi bu, belədir. Hətta dost olduğumuz müddətdə bəzən küsürdük, onda da diqqətindən qalmırdı, nə isə xahiş etsəydim, çətin olsa da, edəcəkdi". 

Səfər isə dostluq müddətində Mədinənin açıq sözlü olmasını, sözləri bəzəyib-düzəmədən dediyini kəşf edir və buna öyrəşir: "Bəzən insanlar hansısa irad bildirmək istəyəndə müəyyən bəzək verirlər, şirinlik qatırlar. Amma Mədinə elə deyil, fikrini açıq şəkildə deyir. Sən bunu niyə belə edirsən? Sən bunu filan şeyə görə düz etmədin və s. İlk vaxtlar fikirləşirdim ki, adam belə açıq şəkildə, çəkinmədən iradlarını deyə bilməz. Mən də o cür iradlara cavab verməyə söz tapmırdım. İndi də elədir".  

Bu məsələyə dostum kimi yanaş

Evləndikdən sonra da dostluqları davam edir. Hətta bəzən xanımının xoşuna gəlməyəcək söhbət etmək istəyəndə, Səfər, "bu məsələyə dostum kimi yanaş" deyir: "Hərdən lazım olur ki, hansısa məsələyə 3-cü bir şəxs baxsın, fikir bildirsin. Ona görə, hərdən deyirəm ki, buna dostum kimi bax, məsələni dostum kimi ona danışıram. Söhbət bitəndə isə deyirəm ki, indi həyat yoldaşı roluna qayıda bilərsən (gülür)".


Xəbərə aid fotolar