Nəsimi Festivalı: Azərbaycan Xalça Muzeyində Vətənə qaytarılan qədim xalçaların təqdimatı keçirilib


Digərləri 28 Sen 2018 18:46:00 675 0

Nəsimi Festivalı: Azərbaycan Xalça Muzeyində Vətənə qaytarılan qədim xalçaların təqdimatı keçirilib

Sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid "Naxçıvan" və XIX əsrə aid Qubanın "Hacıqayıb" xalçalarının təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil olunub.

Hər iki xalça Azərbaycan Xalça Muzeyinin "Nadir Azərbaycan xalça nümunələrinin tarixi Vətəninə qaytarılması" layihəsi çərçivəsində muzeyə hədiyyə olunub.

XVII əsrə aid "Naxçıvan" xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Bu xalçanın ara sahəsi mücərrəd formalı "Çələbi" gölü və iri həcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir. Xalçanın iri ölçüsü, yüksək peşakarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir.

Qeyd edək ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın "Xətai" xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.