Sumqayıt Dövlət Dram Teatrı Bakıya gəlir... FOTO


Kriminal 28 Sen 2018 18:24:00 312 0

Sumqayıt Dövlət Dram Teatrı Bakıya gəlir...  FOTO

Bu yaxınlarda 50-ci teatr mövsümünə start verib, özünün yarım əsrlik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı bayram ərəfəsində - oktyabr ayının 8-də paytaxt tamaşaçıları ilə görüşə gələcəkdir.

Son.az xəbər verir ki, kollektiv Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olaraq həmin gün sözügedən sənət ocağının səhnəsində Nizami Muradoğlunun "Zülmətdə nur" tamaşasını nümayiş etdirəcəkdir.

Azərbaycan Cümhuriyyətinin 100, H.Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tamaşa görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının  banisi Hüseyn Cavid ailəsinin faciəvi taleyindən bəhs edir.

Səhnə əsərində habelə, məşhur Azərbaycan ziyalıları-dövrünün tanınmış  şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının repressiya illərində çəkdiyi əzablarla bağlı  səhnələr də yer almışdır. Zamanın ağır durumuna,  məhbus həyatının fiziki və mənəvi işgəncələrinə  məruz qalan bu insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.


Xəbərə aid fotolar