Prokurorluq orqanlarına yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)


Digərləri 28 Sen 2018 16:45:04 297 0

Prokurorluq orqanlarına yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)

Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Bakı. Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar. Şəhidlər Xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbulu memarı xalqımızın ümummilli lideri Heydər Əliyev olan və Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi ilə keçirilən müsabiqədə seçilmiş ən layiqli namizədlər bu gün müxtəlif vəzifələrə təyinatlar alıblar. Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 85 namizədin andiçmə mərasimi Azərbaycan Prokurorluğunun 100 illik yubileyinə təsadüf edir. Bu gün hərtərəfli inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilməklə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür. Xüsusi vurğulanıb ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir.