“Alma atdım almaya alma yerdə qalmaya”


Digərləri 28 Sen 2018 13:43:10 271 0

“Alma atdım almaya alma yerdə qalmaya”

Payızın ilk günlərində bazara daxil olan alma bu il mövsümə ucuz qiymətlə start verib. Belə ki, adətən sentyabrın sonlarında kiloqramını 2 manatdan ucuz almadığımız bu meyvənin 5-6 kiloqramını 2,5 manata da əldə etmək olar. Bazardakı vəziyyət alıcıların cibini sevindirsə də, məhsulu əkib-becərən bağ sahiblərinin heç də ürəyincə olmayıb. Səbəblər isə çoxdur.

Satıcılar vəziyyətdən razıdırlar

İlk əvvəl qiymətlərlə bağlı bazarda kiçik araşdırma apardıq. Satıcılar bu mövsümdə almanın bol və ucuz olduğunu dedilər:

"Hazırda bazarda Quba və Qusar bağlarından gətirilən məhsullardır. Almanın keyfiyyəti və növünə görə qiyməti 0.80-1.80 qəpik arasında dəyişir. Bir qədər aşağı keyfiyyətli məhsulun 5 kiloqramı isə 2.50 manatdır".

Öyrəndik ki, ötən il satış dəyəri 2.50-3 manat olan "Quba-smerinka" bu il 1.80 qəpikdir:

"Bazarda xarici növ alma yoxdur. Xarici almalar yanvarda bazara daxil olacaq. Bu il tək alma deyil, eləcə də armud da ucuzdur. Səbəb də əvvəlki illərlə müqayisədə son illər məhsul əkib-becərənlərin sayının artmasıdır".

Soyuducu saxlama kameraları dolub daşır

Nəzərə alsaq ki, adətən kənd təsərrüfatı məhsullarının bostandan alınma və istehlakçılara satışı dəyəri arasındakı fərq 200-600 faiz aralığında təşkil edir, almanın qapıdan satış qiyməti ilə də maraqlandıq. 

Bağbanlar bildirdilər ki, almanın kiloqramını qapıdan 0.30-0.35 qəpiyə satırlar. Amma bunun onlara sərf etməməsi bir tərəfə, alıcı da yoxdur.

Quba rayonunun Alekseyevka kəndindən olan alma bağının sahibi Yusif Norbalayev deyir ki, bu il məhsuldarlıq ötən illə müqayisədə həddən artıq bol olub:

"Lakin satış problemi yaşayırıq. Bütün iri ticarətçilər gözləmə mövqeyindədirlər. Bunun da səbəbi əsas bazarımız olan Rusiyada rublun dəyərinin ucuzlaşması, dolların baha olmasıdır. Ticarətçilər qazanclarının azalmasını gözə ala bilmirlər. Məsələn, əgər Rusiyada almanın satışından 10 000 dollar qazanırlarsa, Azərbaycanda həmin pul dəyər ifadəsində 9000-ə düşəcək".

Təsərrüfat sahibi deyir ki, məhsula tətbiq edilən əlavə dəyər vergisi səbəbindən xarici bazarlara birbaşa tədarük etmək bu gün onlara sərfəli deyil:

"Buna görə də məhsulu qapıdan ticarətçilərə satırıq və onlara möhtac vəziyyətindəyik. Ötən il vəziyyətimiz yaxşı idi. Mövsümün əvvəlində almanın satış qiyməti  0.60 qəpik, bir ay sonra isə 0.90 qəpik təşkil edirdi. Bu il almanı qapıdan 0.35 qəpiyə satırıq. Məhsuldarlıq o qədər çoxdur ki, soyuducu saxlama kameraları artıq dolub. Halbuki yığım mövsümü yeni başlayıb".

Y.Norbalayev bildirir ki,məhsulu 0.35 qəpikdən satsa da ziyanı böyük olmayacaq. Ancaq təki bu satışı reallaşdıra bilsin:

"Bu il bağdan 100 ton məhsul götürmüşəm. Ötən il bu rəqəm aşağı idi. Hektara 3000 manat xərc çəkmişəm. Məhsulu soyuducu saxlama kamerasında saxlamaq xərc tələb edir. Belə ki, soyuduculara almanın tonu aylıq 30-40 manata qəbul edilir. Əgər 100 ton məhsulun varsa bu, 3000 manat xərc deməkdir. Alıcı çıxana qədər məcburən məhsulumu soyuducuda saxlamalıyam".

Rublun dəyərdən düşməsi bizi pis vəziyyətə saldı

Quba rayonunun Amsarqışlaq kəndində alma bağının sahibi Azər İsayev deyir ki, məhsulunu "Meyvəli" bazarına aparıb, 0.15 qəpikdən təklif etsə də alıcı tapmayıb:

"Bakı bazarı bizə heç vaxt sərf etməyib. Bu mövsümdə isə paytaxt bazarlarında almadan bol heç nə yoxdur. 0.15 qəpikdən satış bizim heç dərmana çəkdiyimiz xərci ödəmir. Bağdan 15 ton məhsul yığmışam, 20 ton da yığılmalıdır. Saxlama kameraları artıq dolub. Rusiyada rublun dəyərdən düşməsi bizi çətin vəziyyətə saldı. Məhsullarımız qapıda qalıb. Alma təsərrüfatında heç vaxt belə böhran yaşanmamışdı. Bu il bütün fermerlər ziyandadırlar".


Xəbərə aid fotolar