Vyanada görkəmli yazıçı Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri və film nümayişi keçirilib FOTO


Digərləri 28 Sen 2018 13:47:27 340 0

Vyanada görkəmli yazıçı Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri və film nümayişi keçirilib  FOTO

Sentyabrın 28-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri və film nümayişi keçirilib.

Son.az xəbər verir ki, "ADDIM" Gənclər Təşkilatından Trend-ə verilən məlumata görə, tədbiri açan Mərkəzin direktoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 110 illik yubileyi münasibətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən əsr Azərbaycan ədəbiyyat tarixi və ədəbi tənqid məktəbində önəmli yerə malik Mir Cəlal özünü oxuculara ilk növbədə hekayələri ilə sevdirə bilib. Sadə insanların gündəlik həyatı və güzəranı, əxlaqi dəyərlər, sosial problemlər və ictimai mövzular yazıçının hekayələrində dolğun şəkildə öz əksini tapır. Mir Cəlal dövrünün çatışmazlıqlarını adi həyatdan götürərək və bəzən də yumorun dili ilə oxucuya çatdırmağı məharətlə bacaran, ictimai tənqidi incə yumorla qələmə alan yazıçı kimi məşhurlaşıb. Məhz buna görə də onu "kiçik janrın böyük ustadı" adlandırırlar.

Qeyd edilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi bu günlərdə vəfatının 40-cı ili tamam olan ədibin yaradıcılığına yenidən müraciət edib. Onun "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında ekranlaşdırılmış "İki yad adam" bədii filmini Avstriya ictimaiyyətinə təqdim etmək qərarına gəlib. Bu məqsədlə filmin yaradıcı heyəti - Əməkdar artist Gülşad Baxşıyeva, layihə müəllifi və prodüser Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, aktyor Riad Abdulov Vyanaya dəvət edilib.

Filmin layihə müəllifi və prodüseri, "ADDIM" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bildirib ki, bu gün gənc yaradıcı insanların üzərinə böyük ədibin irsini geniş kütləyə tanıtmaq məsuliyyəti düşür. Filmin əsasında duran "Kəmtərovlar ailəsi" hekayəsi 60 il bundan öncə yazılsa da, bu gün də öz aktuallığını qoruyub saxlayır və məhz buna görə ölkəmizin hüdudlarından kənarda da sevilir, festivallarda mükafatlara layiq görülüb. Film ötən ilin mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən "Grand Asian" film festivalında nümayiş olunub və "Ən yaxşı sosial film" nominasiyasında qalib olub.

Əməkdar artist Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən qeyd edib ki, müasir həyatla səsləşən hekayədə və onun ekran əsərində əsas qayə insanları şan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hisslərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.


Xəbərə aid fotolar