Pestisidlərlə işləyərkən şəxsi gigiyena qaydalarına və düzgün qidalanmaya diqqət etmək vacibdir


Digərləri 28 Sen 2018 13:08:00 308 0

Pestisidlərlə işləyərkən şəxsi gigiyena qaydalarına və düzgün qidalanmaya diqqət etmək vacibdir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi pestisidlərlə bağlı maarifləndirici yazı dərc edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi pestisidlərlə bağlı maarifləndirici yazı dərc edib.

Son.az həmin yazını təqdim edir:

"Fermer təsərrüfatlarında və həyətyanı sahələrdə bitkiçilik məhsullarının qorunması məqsədi ilə pestisidlərdən istifadə olunur. Kimyəvi bitki mühafizəsi vasitələri ilə işlər ehtiyatla, xüsusi diqqət və dəqiqliklə həyata keçirilməlidir. Pestisidlə işləyənlər uyğun fərdi mühafizə vasitələrini seçməyi və düzgün istifadə etməyi bilməlidirlər.

Pestisidlərlə işləyənlərin qida rasioni zülal və vitaminlərlə zəngin olmalıdır.

Pestisidlərin insan orqanizminə təsiri orqanizmin vəziyyətindən asılı olduğu üçün əməyin, qidalanmanın və istirahətin rasional rejiminə əməl edilməlidir. Pestisidlə işləyərkən siqaret çəkmək olmaz, çünki bu hal zəhərli maddələrin orqanizmə daxil olmasına şərait yaradır. İşdən əvvəl və iş zamanı spirtli içki qəbul edən şəxslərə pestisidlərin zərərli təsiri on dəfələrlə artır, bu səbəbdən də kimyəvi dərmanlanmalardan öncə və kimyəvi dərmanlanmalar zamanı spirtli içki qəbul etmək qəti qadağandır.

Rasional qidalanma orqanizmin zəhərli maddələrin təsirinə müqavimətini artıraraq zəhərlənmələrin profilaktikasında önəmli rol oynayır.

Qida zülal və vitaminlərlə zəngin olmalıdır, yaxşı olar ki, onlar özünə hopturma qabiliyyətli məhsullardan (nişasta, sıyıq, jele və s.) ibarət olsun. Bu tip qidalar kimyəvi vasitələrin qıcıqlandırıcı təsirini azaldır və sovrulmasına mane olur.

Pestisidlərlə işləməyə başlamadan öncə qida qəbul edilməsi vacibdir. Mədə-bağırsaq sistemində yemək olmaması kimyəvi maddələrin daha sürətlə qana sovrulmasına və orqanizmin daha güclü pozulmasına səbəb olur. Pestisidlə işləyənlər səhər və nahar yeməyində kifayət qədər, lakin az duzlu qida (müxtəlif suplar, süd, sıyıq, çay və s.) qəbul etməlidir. Bu tip yeməklər zəhərli maddələrin orqanizmdən tez xaric olmasına səbəb olur. Mayenin orqanizmdən xaric olmasını gecikdirən məhsullardan (duzlu balıq, tərəvəzlər və s.) istifadə edilməsi tövsiyə edilmir.

Xlor üzvi pestisidlərlə işləyənlər heyvan zülalları (ət, balıq, kəsmik), kalsium duzları və B2 vitaminləri ilə zəngin qidaları qəbul etməlidirlər. Yağlı qidalardan istifadə etməkdən çəkinilməlidir, belə ki, yağlı qidalar zəhərli maddələrin orqanizm tərəfindən sovrulmasına şərait yaradır. Fosfor üzvi birləşmələrlə işləyənlərin qida rasionuna kəsmik, pendir, qatıq, şəkər, tərəvəzlər, meyvələr, göyərti, qarabaşaq sıyığı, çoxlu miqdarda C vitamini daxil edilməlidir. Kəskin acı, duzlu və yağlı yeməklərdən istifadə edilməməlidir.