Fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağlı
Digərləri 28 Sen 2018 09:54:00 206 0
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Son.az xəbər verir ki, Kollegiyadan Son.az-a verilən məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.
Həmçinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun tələbi nəzərə alınmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən ilk dəfə olaraq, regionlarda və Bakıda fərdi qaydada fəaliyyət göstərən vəkillərin dövlət hesabına hüquqi yardımla bağlı növbətçiliyə cəlb olunması barədə qərar qəbul olunub.
Qeyd olunmalıdır ki, vəkil qurumu olmayan və fərdi vəkil sayı az olan regionlarda növbətçilik cədvəli üzrə növbədə olan vəkil üzrlü səbəbdən növbətçilik vəzifələrini yerinə yetirə bilmədikdə onun yerinə digər vəkilin növbətçilik qaydasında məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarına getməsinin zəruriliyi bildirilmişdir.
İclasda həmçinin "Vəkil orderi və order markası haqqında" Əsasnamənin layihəsi müzakirəyə təqdim olunmuş və müvafiq əlavə və dəyişikliklər edilməklə adı çəkilən sənədin 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minməsi barədə qərar qəbul olunub.