Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?


Digərləri 27 Sen 2018 21:50:00 240 0

Niyə hər il Məhərrəmlik mövsümünü qeyd edirik?

Hər il mühərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə də mühərrəmlik ənənəsinin üzərinə kölgə salmaq istəyən qüvvələr məsələni gündəmə gətirirlər. Bu mövzuda böyük alimlər tərəfindən hədsiz kitablar, məqalalər yazıldığını və şifahi məlumatlar verlidiyini nəzərə alaraq, aşağıdakı məqalədə mətləbi çox uzatmamaq qərarına gəldik. Sizə yalnız ən zəruri bildiyimiz məqamları və ən tutarlı hesab etdiyimiz sübutları qısa şəkildə təqdim edirik.

Birincisi, Kərbəla hadisəsi hər şeydən əvvəl misli görünməmiş bəşəri faciədir. Kərbəlaya aparıb-çıxaran hadisələr zənciri, bilavasitə aşura günündə baş verən olaylar və bundan sonra sağ qalan Əhli-beyt üzvlərinin başına gətirilənlər üstündən on üç əsr keçməsinə baxmayaraq, bu gün də öz pisxoloji təsir gücünü itirməyib. Kərbəla səhrasında qətlə yetirilənlər İslam Peyğəmbərinin nəsil şəcərəsinin üzvləri deyil, sıravi müsəlmanlar olsaydılar belə, yenə faciənin böyüklüyü bizi təsirsiz buraxmazdı.

Ikincisi, Kərbəlada qətlə yetirilənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) ən yaxın qohumları, ciyərparələri idi. Və bu hadisə o həzrətin vəfatından cəmi 50 il sonra baş vermişdi.

Son.az islam.az-a istinadən bildirir ki, vaxtilə Peyğəmbərin başına pərvanə kimi dolanan, ağzından çıxan bircə kəlməni də diqqətsiz buraxmayan, Onu görməyi özünə fəxr sayan səhabələrin ya özləri, ya da övladları soyuqqanlılıqla Onun nəvəsinin başını kəsmiş, tifaqını dağıtmış, nəslinə divan tutmuşdular. Bütün bunlar hələ də ümmət arasında Peyğəmbərin Hüseyn (ə) barədə (o cümlədən, Onun gələcək şəhadəti barədə) buyurduğu hədislərin dolaşdığı bir zamanda baş vermişdi. "Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisini İki Cahan Günəşinin öz dilindən eşidənlərin bir hissəsi hələ sağ idi. Vəfat edən səhabələr də hədisi öz uşaqlarına rəvayət etməyə macal tapmışdılar. Hüseynin (ə) boğazını vaxtilə Peyğəmbərin öpdüyünü öz gözləri ilə görən və ya heç olmazsa, bunu birinci ağızdan eşidən adamlar asanlıqla həmin boğazın xəncər altına qoyulmasına razı olmuşdular. Faciənin ən böyük dəhşəti də bunda idi.

Hüseyn (ə) ali-əbanın sonuncu üzvü idi. Ali-əba (yəni əba əhli) Həzrət Mühəmməd Peyğəmbərin (s) özündən və əbası altına alıb, günahlardan təmizlənməsi üçün dua etdiyi, duasının qəbul əlaməti kimi "Əhzab" surəsinin 33-cü ayəsinin nazil olduğu daha dörd nəfərdən ibarətdir: Həzrət Əli (ə), Fatimeyi-Zəhra (ə), Həsən (ə) və Hüseyn (ə). Bu beş nəfər möminlər üçün müqəddəslik rəmzi, Allahın mərhəmət nişanəsi, arxayınlıq mənbəyi idi. Peyğəmbər vəfat etdikdən sonra möminlər Onun xatirəsini qızı Fatimədə (ə) axtarırdılar. Fatimə (ə) vəfat etdikdən sonra Əli (ə) bütün elmi, şücaəti, ədaləti ilə Peyğəmbərin obrazını zehnlərdə canlandırırdı. Onun şəhadətindən sonra tərəfdarları Imam Həsənin (ə) ətrafında toplaşdılar. Imam Həsən (ə) də şəhid olduqdan sonra ali-əbanın son üzvü Hüseyn (ə) insanlar üçün Peyğəmbərin son yadigarı kimi görünürdü. O, əllərində Peyğəmbərin əllərinin nəvazişini, üzündə Peyğəmbərin dodaqlarının sevgisini yaşadırdı. O, Peyğəmbərin bilavasitə nəslindən olan və o həzrəti görən son şəxs idi. Hüseyn (ə) nəinki yalnız Peyğəmbərin, həm də Fatimənin (ə), Əlinin (ə) və Həsənin (ə) nişanəsi idi. Buna görə də Hüseynin (ə) itkisi hələ o zamankı Əhli-beyt dostlarına da çox ağır gəlirdi. Buna görə də Əhli-beyt tərəfdarları Onun itkisini xüsusi ağrı-acı ilə qarşılamışdılar.

Kərbəla faicəsinə ən böyük dəhşət gətirən xüsusiyyətlərdən biri də zalım və məzlum tərəflər arasındakı kəskin ziddiyyətdir. Tarix boyunca heç bir silahlı münaqişədə müsbət və mənfi tərəflər arasındakı uçurum aşuradakı kimi qabarıq nümayiş etməmişdi. Bir tərəfdə Hüseyn (ə), Abbas, Əli Əkbər, Zeynəb kimi fəzilət səmalarında pərvaz edən misilsiz şəxsiyyətlər, o biri tərəfdə isə Yezid, İbn Ziyad, Ömər ibn Səd, Şümr kimi rəzalət çirkabında qərq olanlar dururdu. Görün, kimlər kimləri haqsız sayır, özünə tabe etmək istəyirdi! Görün, kimlər kimləri öldürürdü!