Dövlət Aqrar Ticarət Şirkəti “Aqroeksport”la əməkdaşlıq memorandumu imzalayıb


Digərləri 27 Sen 2018 21:33:00 282 0

Dövlət Aqrar Ticarət Şirkəti “Aqroeksport”la əməkdaşlıq memorandumu imzalayıb

Bakıda Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti (DATŞ) ilə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki "Aqroeksport" şirkəti arasında gələcək əməkdaşlıqla bağlı memorandum imzalanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova imzalanmış memorandumu üç aydır fəaliyyət göstərən şirkətin ilk beynəlxalq uğuru kimi qiymətləndirərək deyib: "Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Federasiyasının analoji şirkətləri arasında əməkdaşlıq iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ olacaq. Həm ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına öz müsbət təsirini göstərəcək, həm də qarşılıqlı əməkdaşlığın faydalarını hər iki tərəf hiss edəcək. Biz, Dövlət Aqrar Ticarət Şirkəti olaraq Rusiyanın ixtisaslaşmış mərkəzləri ilə bu istiqamətdə fəaliyyətimizi daha sıx əlaqələndirəcəyik. Rusiyanın aqrar sahədə fəaliyyət göstərən zəngin təcrübəyə malik şirkətlərinin təcrübəsindən yararlanmaq xüsusilə kiçik və orta fermer təsərrüfatı sahiblərinə faydalı olacaq".