AZAL Bakıda CANSO2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalayıb


Digərləri 27 Sen 2018 19:08:00 347 0

AZAL Bakıda CANSO2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalayıb

27 sentyabr 2018-ci il, Bakı - Sentyabrın 27-də CANSO (Civil Air Navigation Services Organization)  Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatının ali rəhbərliyinin nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir. Nümayəndə heyətinə təşkilatın baş direktoru Cef Pul (Jeff Poole) başçılıq etmişdir.  

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi, Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və  Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olmuşdurlar. 

AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə 2020-ci ildə Bakıda Ümumdünya aeronaviqasiya sammitinin keçirilməsi məsələləri müzakirə olunmuşdur. Bundan başqa, tərəflər həmçinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və CANSO arasında əməkdaşlıq perspektivlərini, o cümlədən AZANS-ın CANSO Europe icraiyyə komitəsinə qoşulması, həmçinin Azərbaycan mütəxəssislərinin təşkilatın işçi qruplarında iştirakı məsələlərini müzakirə etmişdirlər.

Görüşdə həmçinin 2020-ci il Sammitinə kimi CANSO birgə təlim mərkəzinin yaradılması və süni intellektdən istifadə olunaraq Hava Hərəkətini İdarəetmə Mərkəzinin açılması müzakirə olunmuşdur. Hazırda yalnız 2020-ci ilədək işlənib hazırlanmış inkişaf strategiyası Bakıda keçiriləcək 2020-ci il Sammitində qəbul olunacaq. 

Cef Pul dünya aviasiya birliyi üçün getdikcə daha da cəlbedici olan Azərbaycan mülki aviasiyanın böyük nailiyyətlərini vurğulamışdır. Aviaşirkətlər ən müasir aeronaviqasiya təminatı sistemi sayəsində uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin edən  Azərbaycanın ərazisi üzərindən uçmağa daha çox üstünlük verirlər. Növbəti illərdə Azərbaycan üzərindən uçuşların artacağı proqnozlaşdırılır. 

Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Cef Pul  2020-ci il 8-12 iyun tarixlərində Bakıda CANSO aeronaviqasiya sammitinin keçirilməsi haqqında saziş imzalamışdırlar.


Xəbərə aid fotolar