Dələduzluq edən baş redaktorun məhkəməsində şahidlər məcburi gətiriləcək


Sosial 27 Sen 2018 17:02:27 257 0

Dələduzluq edən baş redaktorun məhkəməsində şahidlər məcburi gətiriləcək

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsibova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, həmin şəxslərin barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılsa da, icra edilmir: "Çıxarılan qərarın icrası üçün aidiyyatı qurumlara müraciət ediləcək".

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən S.Nəsibova "Ata yolu" qəzetinin baş redaktoru olub.

S.Nəsirova bir neçə nəfəri işə düzəltmək adı ilə aldadaraq, onalara dələduzluq edib. Onun işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərdən A.Abıyev və M.Mehdiyevin barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib və azadlıqdadırlar.

E.Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. 2015-ci ildə isə azadlığa çıxıb.

Digər təqsirləndirilən V.Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Hazırda ev dustaqlığında olan A.Abıyev də dələduzluqda ittiham edilərək həbs edilib və 2013-cü ildə azadlığa buraxılıb.

İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər.

Qeyd edək ki, S.Nəsirova həbs edilməmişdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi.