Kitab oxumamaq üçün


Digərləri 27 Sen 2018 16:09:00 275 0

Kitab oxumamaq üçün

Yetmişlərdə, səksənlərdə sadə, gözəl nağıllarla, yaxşı mütaliə ilə böyüyən saf uşaqlar minlərlə insanın qanını tökdü. Sovet uşaqlarına məlum oldu ki, ədəbiyyat siyasət və tarix qarşısında acizdir. Başımızın qaxıncı olan "yüksək sovet tərbiyəsi", davamlı mütaliə heç nəyə yaramadı. Müasir tarixin ən qanlı illərini məhz, həmin disiplinli şagirdlər yazdı.

Ətrafımda sutkanın oyaq olduğu bütün saatlarını kitab oxumağa həsr edən adamlar var. Hərdən mənə elə gəlir ki, onlar danışmır, oxuduqlarını sayıqlayır. Çünki iki cür bilik var, verbal və qeyri-verbal. Onun-bunun sitatlarından başqa qabında bir şey olmayanlar, bir də təbiətin verdikləri. İnsanda anadangəlmə olmayan istedadı, fəhmi bilikləri mütaliə vasitəsi ilə əldə etmək mümkünsüzdür. Məsələn, saysız-hesabsız yazıçının əsərlərini oxumaqla yazıçı olmaq mümkün deyil. İstedad ya var, ya yoxdur. Həm də oxuduqlarının özünə, ətrafa təsiri yoxdursa, o məlumatların heç nəyə dəxli yoxdur. "Google"daki məlumatların "Google"a nə qədər xeyri varsa, oxuduqlarının da sənə o qədər xeyri var.

Oxumaq, mütaliə deyən kimi ağlına Oşo, "Ərə getməyin 1001 faydası" kitabları yadına düşənlər və ya əldəqayırma psixoloqların uydurduğu boş-boş fikirlər gələn adamlar da var. Əmin olun ki, bədən dili, 1 aya milyon qazanmağın yolları haqda olan söz yığını ağac sərfiyyatına və sizin cibinizi məhv etməyə hesablanıb. O bədən dili kitablarında "Əgər yanını qaşıyırsa, sizi sevir", "Qulağını oynadırsa, tərəddüddədir" fikirləri sizi dolamaq üçündür.

Həmçinin, "ciddi ədəbiyyat" adı ilə sırınan rus və dünya klassikası da sizə lazım deyil. Əgər gələcəkdə ədəbiyyatçı, tənqidçi olmağı planlamırsınızsa, qalaq-qalaq klassik ədəbiyyat, detektiv oxumaq nəyinizə gərəkdir? Bizi və bizdən əvvəlki nəsilləri aldatdılar. İnandırdılar ki, kiçik yaşından sistemli mütaliə, ədəbiyyat kitablarının isladıb suyunu içmək, bizi təmiz insan, əxlaqlı vətəndaş edəcək. Bizə bunu inandıran cəmiyyətin, sistemin tarixə qanlı hərflərlə yazdığı uşaqlığımız, yeniyetməliyimiz praktikanın, reallığın başqa şey olduğunu sübut elədi.

Dünyada yapon, skandinaviya xalqları kimi Tolstoyu, Dostoyevskini, Çingiz Abdullayevi, Elxan Elatlını oxumayıb, xoşbəxt yaşayan xeyli nümunələr var.

Kitabxanalarda satış rəflərində önə çəkilənlər ya detektiv romanlar, ya da erotik adı olan ucuz kitabcıqlardır. Bu kitabları alınandan sonra oxunmağına da şübhə edirəm. Çünki bu kitabların çoxu yanına yarısaralmış yarpaq, bir fincan çay qoyub şəkil çəkdirmək üçün alınır.