Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması


Dünya 27 Sen 2018 15:18:00 274 0

Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması

Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin rəhbərləri son zamanlar həyəcan təbili çalırlar. Onlar Avropada neonasizmin getdikcə genişləndiyindən narahatlıq duyduqlarını açıq ifadə edirlər. İndi vəziyyət o dərəcəyə çatıb ki, Avropanın liderləri ümidlərini 2019-cu ilin mayında keçiriləcək parlament seçkisinə bağlayıblar. 

Son.az newtimes.az-a istinadən xəbər verir ki, proqnozlara görə, həmin seçkidə radikal və populist mövqeli namizədlərin qalib gəlməsi ehtimalı az deyil. Daha təhlükəli məqamlardan biri kimi isə bir sıra Aİ ölkəsinin rəsmi olaraq radikallığı və ayrı-seçkiliyi müdafiə etməsi göstərilir. Bu aspektdə Şərqi Avropa ölkələrinin adı daha çox çəkilir. Hətta Brüssel miqrant məsələsinə görə Macarıstana, Çexiyaya və bəzi başqa üzvlərə xəbərdarlıq edib. Lakin, görünür, prosesin qarşısını sadə xəbərdarlıqlarla almaq çox çətindir. Buna görə də Yunanıstan prezidenti açıqca neonasizm təhlükəsindən bəhs edir. Bunların fonunda Aİ-nin gələcək siyasi taleyi necə görünür? Bu sualın cavabı üzərində geniş dayanmağa ehtiyac vardır.

Açıq etiraflar: Avropada ayrı-seçkiliyin nümunələri

Avropanın bir geosiyasi-mədəni məkan və Avropa İttifaqının siyasi təşkilat olaraq taleyi son bir neçə ildə aktiv surətdə müzakirə obyektidir. Müxtəlif sahələrə məxsus olan mütəxəssislər fərqli proqnozlar verirlər. Burada ifrat nikbin ssenarilərdən ifrat bədbin variantlara qədər geniş bir spektr yaranıb. Bu mənzərənin özünün Avropanın bir qeyri-müəyyənliyə, yolayrıcına və növbəti tarixi seçim anına yaxınlaşdığını göstərdiyini qəbul etməliyik. Yəni "Avropanı nələr gözləyir?" sualı sadəcə ritorika xatirinə qoyulmur.

İndi Aİ-yə üzv dövlətlərin liderləri təşkilatı gözləyən mümkün təhlükələrdən bəhs edirlər. Müxtəlif tədbirlərdə öncələr tədqiqatçıların və KİV-in ifadə etdiyi təhdidləri açıqca dilə gətirirlər. Yunanıstanın prezidenti Prokopis Pavlopulos isə daha konkret fikir bildirib. O, Riqadakı "Arraiolos" sammitindən ("Arraiolos" 2003-cü ildə parlament üsul-idarəsi hökm sürən Aİ üzvlərinin yaratdığı qeyri-formal qrupdur) sonra jurnalistlərə deyib: "Avropa üçün təhlükə ayrı-ayrı dövlətlərin Avropa İttifaqının tərkibindən çıxmasından ibarət deyil, populizm və neonasizmdir. Patriotizm arxasında gizlənmiş populizmin və neonasizmin bütün bu formalarının bir məqsədi vardır: keçmişin dəhşətlərini dirçəltmək, o dəhşətləri ki, Avropanı və demək olar ki, bütün dünyanı dağıtdı. Buna görə də biz mübarizə aparmalıyıq ki, bu güclər qalib gəlməsin və Avropa quruculuğu yekunlaşsın" (bax: Президент Греции назвал неонацизм главной угрозой для Европы / "РИА Новости", 15 sentyabr 2018).

Sözlərinə davam edərək yunan prezident bəyan edib ki, sammitin bütün iştirakçıları 2019-cu ilin may ayında Avropa Parlamentinə növbəti seçkiləri son dərəcə əhəmiyyətli hesab edirlər. Hətta bunu avrozonanın yaradılması ilə müqayisə etmək olar. Çünki neonasizm dəhşəti getdikcə daha çox baş qaldırmaqdadır.

P.Pavlopulos narahatlıqla deyib: "Sözün həqiqi mənasında Avropa İttifaqının gələcəyi həll olunur. Və biz ümid edirik ki, bu təhlükə keçməyəcək. Biz ümid edirik ki, Avropa xalqları yekdilliklə deyəcəklər: "No Pasaran!" Demək lazımdır ki, biz təhlükəni görürük". Onun sözlərinə görə, avropalılar Avropanı necə gördüklərini həll etməlidirlər. Onu da xatırladaq ki, bundan bir qədər öncə Yunanıstanın baş naziri Aleksis Sipras da Avroparlamentin tribunasından neonasizm təhlükəsindən bəhs etmişdi.

Bəs hansı səbəblərdən Yunanıstan rəhbərliyi həyəcan təbili çalır? Onlar əsassız deyillər. Sadəcə, yunanlar məhz indi həqiqətləri dillərinə gətirirlər. Eyni zamanda, özləri kifayət qədər liberal deyillər. Digər xalqlara qarşı radikal mövqe tuturlar. Məsələn,Trakiyadakı türklərin hüquqlarının tanınmasında, onların etnik kimliklərinin qəbul edilməsində problemlər hələ də mövcuddur. Təbii ki, Afina bu faktı deyil, başqalarını nəzərdə tutub neonasizmdən bəhs edir.

Özünütənqid: siyasi və ideoloji səbəblərin aradan qaldırılması yolları

Məsələ geniş faktorlarla bağlıdır. Onun bir çox ideoloji və siyasi çalarları vardır. Hər şeydən əvvəl, Aİ-də ölkələrin özlərini fərqli səviyyələrə bölürlər. Daha çox inkişaf etmiş Almaniya və Fransa başqa üzv dövlətlərə yuxarıdan aşağı baxırlar. Berlin və Paris hesab edirlər ki, məsələn, Şərqi və Cənubi Avropa ölkələri onların diqtəsi ilə hərəkət etməlidirlər. Bu, Aİ daxilindəki miqrasiya zamanı sosial təminat məsələsində və Yunanıstandakı maliyyə böhranında özünü açıq göstərdi. O zaman aydın oldu ki, Aİ daxilində ayrı-seçkilik vardır.