İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!


Digərləri 27 Sen 2018 10:14:00 310 0

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Azərbaycanla İsrail arasındakı güclü əlaqələr, bu iki ölkənin bir-biri üçün nə qədər vacib olduğu haqda çox danışmışam, çox sayda məqalə yazmışam. Ötən həftə isə Azərbaycanla İsrail arasında əlaqələrin inkişafı baxımından daha bir vacib hadisə baş verib. Onun əhalisinin əksəriyyəti müsəlman olan ölkədəki yəhudi icması üçün də mühüm əhəmiyyəti var idi. Söhbət İsrailin müdafiə naziri Aviqdor Libermanın regiona sentyabrın 13-17-də etdiyi səfər çərçivəsində Azərbaycana baş çəkməsindən gedir.

Nazir Azərbaycanın qonşusu Gürcüstanda da olub. Xatırladaq ki, Liberman ölkəmizə bir neçə dəfə gəlib. Lakin həmin səfərlər xarici işlər naziri kimi baş tutub. Bəs onun bu dəfəki səfərini xüsusi edən nədir? Liberman bu dəfə Bakıya müdafiə naziri kimi gəlmişdi. Üstəlik, Gürcüstana səfərini 1 günə bitirən Liberman Azərbaycanda düz 5 gün qalıb. O, Bakıda yüksək səviyyəli görüşlər keçirib ki, bütün bunlar İsrailin Azərbaycanla əlaqələrə necə böyük əhəmiyyət verdiyini göstərir.

Libermanın Bakıya səfəri zamanı ən mühüm hadisə onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. Azərbaycanın İsraillə strateji əlaqələri hazırkı səviyyəsinə məhz İ.Əliyevin rəhbərliyi altında çatıb.

Liberman Azərbaycanın baş naziri, müdafiə, xarici işlər, daxili işlər nazirləri, həmçinin digər yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. O, Azərbaycanın yəhudi icmasının liderlərilə də görüşüb. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yüksək qiymətləndirilib, Azərbaycanın tolerantlıq, harmoniya və multikulturalizmə bağlı unikal model olduğu vurğulanıb.

Mən də Azərbaycan Dağ Yəhudilər İcmasının rəhbəri kimi, cənab Libermanla görüşmək şərəfinə nail oldum. Onunla yəhudi icmasının hazırkı vəziyyəti, həmçinin iki xalq arasındakı səmərəli əməkdaşlıq imkanlarını müzakirə etdik. Yəhudi icması adından Libermana "Albert Aqarunov" mükafatını təqdim etdiyim üçün şadam. "Albert Aqarunov" mükafatı dağ yəhudiləri icması tərəfindən bu yaxınlarda təsis olunub. O, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsində töhfəsi olan azərbaycanlılara və xaricilərə verilir. Mükafatın Albert Aqarunovun adını daşıması isə təsadüf deyil. İsrail hüdudlarından kənarda ən böyük yəhudi kəndi olan Qırmızı qəsəbədə anadan olmuş A.Aqarunov yəhudi döyüşçüsü və tank komandiri olub. O, 1991-ci ildə Azərbaycan Ordusunda könüllü xidmətə başlayıb, Dağlıq Qarabağ müharibəsində döyüşüb və vətəninin - Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın təcavüzündən qoruyub. Aqarunov 1992-ci ildə Azərbaycanın Şuşa şəhəri yaxınlığında erməni snayper tərəfindən öldürülüb. Ona ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib. Aqarunov Bakıdakı Şəhidlər Xiyabında dəfn olunub. 23 yaşlı Azərbaycan yəhudisi olan qəhrəman Albertin qeyri-adi, unikal hekayəsini, onun vətənə bağlılığını təkcə Azərbaycan xalqı deyil, həm də bütün dünyadakı yəhudilər sevgiylə xatırlayır.

İsrailin müdafiə naziri Azərbaycan səfəri zamanı Aqarunovun məzarını ziyarət edib, onun məzarı önünə gül qoyub. Bununla da nazir Aqarunova nə qədər yüksək qiymət verdiyini nümayiş etdirib.

Azərbaycanla İsrail arasında unikal, zamanın sınağından keçmiş xüsusi əlaqələr var. İki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır. Son illərdə baş nazir Benyamin Netanyahu (1997 və 2016) və prezident Şimon Peres (2009) daxil olmaqla, İsrailin bir sıra lideri ölkəmizə səfər edib. İsrail Azərbaycanın müstəqilliyini ilk tanımış ölkələrdəndir. O, müstəqilliyini yeni qazanmış Azərbaycanla diplomatik əlaqələri hələ 1990-cı illərin əvvəllərində qurub və Bakıda səfirlik açıb.

Hazırda iki ölkə arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi hər il daha da artır. Hətta bir neçə il əvvəl Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsi Fransa ilə İsrail arasındakı ticarət dövriyyəsindən çox olub. İsrailin neftə olan təlabatının 40%-ni Azərbaycan ödəyir. Bununla yanaşı, hər iki ölkə beynəlxalq terrorçuluq və ekstremizimlə mübarizədə birgə fəaliyyət göstərir və uğurlar qazanır. Bu, regional və beynəlxalq təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. İranla Rusiyanın arasında yerləşən, əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub. Bu ölkədə heç zaman dini və ya irqi ayrı-seçkilik olmayıb. Bu gün də Azərbaycanda yəhudilər siyasət, səhiyyə, təhsil, elm və mədəniyyət daxil olmaqla, bütün sahələrdə təmsil olunur, ölkənin ictimai həyatında fəal iştirak edir. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.

Azərbaycanla İsrail, azərbaycanlılarla yəhudilər arasındakı unikal əlaqələr və əməkdaşlıq müsəlmanlarla yəhudilərin qarşılıqlı hörmət, əməkdaşlıq, sülh şəraitində birgə yaşaya biləcəyinə inanmayan, yaxud inanmaq istəməyən hər kəsə mesajdır.    

Yəhudi icmasının lideri olaraq, xalqlarımız arasındakı dostluğun inkişafına bundan sonra da töhfə verəcək və bu mənəvi birliyi bütün dünyada təbliğ edəcəyəm.

JEWISH JOURNAL, ABŞ

27.09.2018 

Müəllif: Milix Yevdayev

(İngilis dilindən tərcümə - WorldMedia.Az)