Nəsimi Festivalı çəçivəsində "Qız Qalası" festivalı başlayıb FOTO


Digərləri 27 Sen 2018 10:04:05 571 0

Nəsimi Festivalı çəçivəsində "Qız Qalası" festivalı başlayıb  FOTO

27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq "Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı" keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Festivalın proqramı parlaq və maraqlı layihələrlə zəngindir.

Bakı şəhərinin qədim hissəsi - İçərişəhərdə, Qız Qalasının qarşısındakı meydanda keçirilən "Qız Qalası" IX Beynəlxalq incəsənət festivalının iştirakçıları da Nəsiminin yaradıcılığını əks etdirən bədii əsərlər yaradırlar.

"Qız Qalası" Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi İçərişəhər ərazisində yerləşən Bakının rəmzi sayılan və 2000-ci ildə YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş Qız Qalasının dünyada təbliğindən ibarətdir.

Festivalda iştirak edən müxtəlif ölkələrdən rəssamlar Qız Qalasının maketlərini rəngləyirlər. Dünyanın müxtəlif şəhərlərində nümayiş olunan bu unikal işlər Azərbaycanın tarixi-memarlıq abidəsi olan Qız Qalasının təbliğində mühüm rol oynayır.

Bu il festivalda 17 rəssam iştirak edir, onlar qeyri-adi şah əsərlər yaradaraq böyük maraqla Qız Qalasının maketlərinin rənglənməsinə başlayıblar. Rəssamlar maketləri açıq səma altında bir neçə gün ərzində hazırlayacaqlar. Onların işləri şəhər sakinlərinin və çoxsaylı turistlərin diqqətini cəlb edir və heyranlıq doğurur.