Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən qüsurlar...


Digərləri 26 Sen 2018 23:56:00 301 0

Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən qüsurlar...

Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən inkişaf qüsurları vaxtında və düzgün müalicə zərurəti yaradan çox ciddi patologiyalardır. Uşaq cərrahiyyəsi təcrübi cərrahiyyənin ən geniş profilə malik, çoxşaxəli ixtisaslarından biridir. Bu cərrahiyyə növü uşaqlarda abdominal və torakal cərrahiyyəni, döş qəfəsinin və qarının ön yan divarının yumşaq toxumalarının və damarlarının, eləcə də ətrafların inkişaf qüsurlarını və uşaq yaşlarının urologiyasını özündə birləşdirir.

Uşaqlarda bu patologiyaların əksəriyyəti anadangəlmə olsa da, bir sıra sonradan qazanılan cərrahi müdaxilə tələb edən xəstəliklər də var. Belə xəstəliklər arasında daha çox təsadüf olunanları qazanılan bağırsaq keçirməzlikləri, kəskin apendisit və onun fəsadları, destruktiv pnevmoniyalar, kəskin hematogen osteomielitlərdir. Bu problemlərin klinik əlamətləri, gedişi və müalicə taktikası böyüklərdən tamamilə fərqlidir.

Uşaqlarda cərrahi patologiyaların 70 faizdən çoxunu müxtəlif ağırlıq dərəcəsinə malik anadangəlmə inkişaf qüsurları təşkil edir. Elə inkişaf qüsurları var ki, körpə doğulan kimi ona dərhal yardım göstərilməlidir. Belə patologiyalara ağciyərlərin anadangəlmə malformasiyalarını, diafraqma dəliklərini, qida borusunun atrezisiyasını, anadangəlmə bağırsaq keçirməzliklərini, qarının ön yan divarının inkişaf qüsurlarını misal göstərmək olar. Ümumiyyətlə, uşaq cərrahiyyəsi 150-dən artıq müxtəlif patologiyaları özündə cəmləşdirir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri, universitetin Tədris Cərrahiyyə Klinikasının baş həkimi, tibb elmləri doktoru Ramiz Poluxov məlumat verib.

Baş həkim, həmçinin deyib: "Cərrahiyyənin digər sahələrində olduğu kimi uşaq cərrahiyyəsində də müasir texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Artıq uşaqlarda və yenidoğulmuşlarda bir çox inkişaf qüsurları laparoskopik əməliyyatla korreksiya edilir. Uşaqlarda kəskin apendisit və onun fəsadlaşmış növləri, müxtəlif formalı bağırsaq keçirməzlikləri, qarın boşluğu orqanlarının və ağciyərin sistoz törəmələri, anadangəlmə hipertrofik pilorostenoz, bir sıra anadangəlmə inkişaf qüsurları, Hirşprunq xəstəliyi, abdominal kriptorxizm, varikosele, qasıq yırtığı kimi xəstəliklər zamanı laparoskopik əməliyyat icra olunur. Uşaq orqanizmi inkişafda olduğuna görə laparoskopik əməliyyatların icrası daha məqsədəuyğundur. Bundan əlavə, əməliyyat zamanı geniş kəsik açılmır, proses 3-5 millimetrlik dəlik vasitəsilə həyata keçirilir. Buna görə də çapıq qalmır. Açıq əməliyyatdan fərqli olaraq pasiyent uzun müddət xəstəxanada yatmalı olmur, qısa müddətdən sonra evə buraxılır. Bu olduqca böyük nailiyyətdir. Klinikamızda belə əməliyyatların icrası üçün hər bir şərait var".


Xəbərə aid fotolar