“İrşad telekom” sahibinin ölümündə kriminal izlər –


Digərləri 26 Sen 2018 20:28:00 325 0

“İrşad telekom” sahibinin ölümündə kriminal izlər –

İrad Hacıyevin ölümü ciddi şübhələrə yol açıb; mərhumun qurduğu biznes şəbəkə ilə bağlı da müəmmalı proseslərin getdiyi deyilir.

"İrşad Electronics" MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi iddiası yayılıb.

Son.az xəbər verir ki, bu barədə məlumatı baku.ws yayıb. Saytın yazdığına görə, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib.

Məlumatı çatdıran şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. "İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir" - deyə məlumatda qeyd olunub.

"Yeni Müsavat" xəbər verir ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.

Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman içsin ki?

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil".

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi".

Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə bağlı mübhəmlərə aydınlıq gətirmir. Əksinə, ölüm işində şübhəli məqamların olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış. Bundan başqa, onun maddi sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?