Bolqarıstanın müdafiə naziri Bakı Slavyan Universitetində olub


Digərləri 26 Sen 2018 17:37:50 340 0

Bolqarıstanın müdafiə naziri Bakı Slavyan Universitetində olub

Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.

Bakı. Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub. Universitetdən Trend-ə verilən məlumata görə, tələbələr qonaqları foyedə bolqar dilində salamladıqdan sonra Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər. Nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstanla əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva bu gün dünya üçün ən vacib məsələnin yer üzündə sülhün qorunub saxlanması olduğunu dilə gətirib. Rektor qeyd edib ki, məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər. O, Azərbaycanla Bolqarıstanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. N.Əliyeva bildirib ki, bu gün BSU-da 64 gənc bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir. O, əlavə edib ki, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir.