Vüqar Rəhimzadənin məqaləsi Polşanın “Thompson Reuters” indeksli jurnalında dərc olunub


Digərləri 26 Sen 2018 17:21:17 255 0

Vüqar Rəhimzadənin məqaləsi Polşanın “Thompson Reuters” indeksli jurnalında dərc olunub

Vüqar Rəhimzadənin məqaləsi Polşanın “Thompson Reuters” indeksli jurnalında dərc olunub.

Bakı. “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti Vüqar Rəhimzadənin yeni elmi məqaləsi Polşada nəşr olunan “Thompson Reuters” indeksli “Journal of Juristic Papyrology” jurnalında dərc olunub. Məqalədə Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edilir. Qeyd olunur ki, KİV cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiyanı yerinə yetirir. Bu gün mətbuat cəmiyyətdə sabitləşdirici rola malikdir və sosial dəyişikliklərin təkanverici qüvvəsi kimi çıxış etməyə qadirdir. Bu da öz növbəsində dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir. Cəmiyyətin informasiya tələbatının ödənilməsi funksiyasını yerinə yetirən mətbuat zamanın, dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşir, yeni-yeni vəzifələrin icrasına öz töhfəsini verməyə çalışır. Ən ciddi dəyişikliklər hər şeydən öncə informasiyanın təsir imkanlarının qlobal miqyasda güclənməsi ilə əlaqədar olaraq dövlət sərhədlərinə və auditoriyanın milli fərqlərinə məhəl qoymayan televiziyada baş verir. Bu, daha aşkar formada internet sistemində nəzərə çarpır. Bütün planet miqyasında vahid informasiya məkanının bərqərar olması müasir mərhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir. Müəllif diqqətə çatdırır ki, Azərbaycan dövləti elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirib. Yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahələr üzrə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdir. Bu istiqamətdə mühüm addımlardan biri məhz ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin kosmik sənayenin inkişafına göstərdiyi dəstəkdir.