Kaliforniyalı qanunvericilər militarizmi və terrorçuluğu dəstəkləyir?


Siyasət 26 Sen 2018 16:16:00 218 0

Kaliforniyalı qanunvericilər militarizmi və terrorçuluğu dəstəkləyir?

Ermənistanın paytaxtı Yerevanla ABŞ-dakı erməni icmasının mərkəzi şəhəri olan, San-Fernando dərəsində yerləşən Los-Anceles arasındakı məsafə 7100 mildir. Burada yaşayan ermənilər yoxsulluq içərisində olan vətənlərinə güclü siyasi dəstək verir, maliyyə yardımı göstərir. Bunu hər kəs bilir.

Müasir Ermənistanın əsas xüsusiyyətlərindən biri əhalisinin gündən-günə azalmasıdır. Onlar yoxsulluqdan yaxa qurtarmaq üçün Rusiyaya, Los-Ancelesə və digər yerlərə köçür. Beləliklə, Ermənistanı hər il təxminən 100 min insan tərk edir. Nəticədə 1991-ci ildən bəri Ermənistan əhalisi 1,5 milyon nəfər azalıb.

Ermənistana xas ikinci xüsusiyyət korrupsiyadır. Ölkənin yeni hökumətinin bu məsələ ilə bağlı çox sayda cinayət işi açması da bunun sübutudur. Ən acınacaqlısı isə odur ki, erməni korrupsiyası Yerevandan Los-Ancelesə, həmçinin Kaliforniya ştatının paytaxtı Sakramentoya qədər yayılıb.

Doğrudur, Los-Ancelesdən 7100 mil məsafədə olan Ermənistandakı korrupsiya ABŞ-ı narahat etmir. Lakin Kaliforniyanın seçilmiş 4 rəsmi şəxsinin bu yaxınlarda Ermənistana səfər etməsi istisnadır. Onlar səfər xərclərini ciblərindən ödədiklərini düşünmürəm. Vladimir Lenin belə şəxsləri təəssüf hissi ilə "faydalı axmaqlar" adlandırırdı. Erməni korrupsiyasının Kaliforniya paytaxtına yayılmasına da belə insanlar yardım göstərir.

Ən pisi odur ki, bu işdə kaliforniyalı senator Entoni Portantino da iştirak edir. ABŞ Senatında San-Fernando vadisinin böyük hissəsini təmsil edən Portantino uzun müddət Vaşinqtonun xarici siyasətinə də "burnunu soxub", bununla da ölkənin Qafqaz regionu ilə bağlı siyasətinə zərbə vurub.

ABŞ 2002-ci ildən bəri Cənubi Qafqazın postsovet ölkələri - Gürcüstan, Azərbaycan və Ermənistanın demokratik respublika kimi formalaşması istiqamətində siyasət yürüdür və bu işə milyonlarla dollar vəsait xərcləyir. ABŞ-dakı erməni lobbisi isə Vaşinqtonun Azərbaycana yardımını azaltmasına nail olmuşdu. Bu, Corc Buşun hakimiyyətə gəlişinədək davam edib. Məhz Buş Azərbaycana qarşı bu siyasəti dayandırıb, bu ölkəyə maliyyə yardımı ayırmaqdan imtina edən fondları fikrindən daşındırıb. Nəticədə ABŞ ilə Azərbaycan hərbi sahədə de-fakto müttəfiqə çevrilib, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq genişlənib, Azərbaycan ABŞ-a Əfqanıstanda terrorla mübarizədə yardım göstərməyə başlayıb.

Azərbaycanla Ermənistanın müstəqilliyini tanıyan ABŞ Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunu müstəqil qurum hesab etmir. Çünki bölgə "müstəqilliyini" xarici ölkənin, yəni Ermənistanın işğalı nəticəsində elan edib.

Ermənistan Dağlıq Qarabağı 1990-cı illərin əvvəllərində işğal edib və onu adını dəyişərək "Artsax" adlandırmağa başlayıb. Lakin Ermənistanın özü də daxil olmaqla, heç bir ölkə qondarma "respublika"nı tanımır. Bir sözlə, işğal edilmiş Dağlıq Qarabağ azərbaycanlılarındır və ermənilərin onu necə adlandırmasının heç bir əhəmiyyəti yoxdur.

E.Portantino isə təkcə Ermənistana deyil, həm də beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi kimi qəbul olunan Dağlıq Qarabağ yollanıb. O, bunu Azərbaycan hökumətindən viza almadan edib. Halbuki, ABŞ, Kanada, Avstraliya, Yaponiya və s. ölkələr kimi Azərbaycan oraya gedən şəxslərin viza almasını tələb edir.

Portantino bundan əvvəl də Dağlıq Qarabağda olub - həm də 2 dəfə. Nəticədə, Dağlıq Qarabağa icazəsiz səfər etmiş digər amerikalı siyasətçilər kimi, onun da Azərbaycana girişinə qadağa qoyulub. Portantino ABŞ ilə dostluq münasibəti olan bu ölkədə persona non-qratadır. Lakin görünür, bu, onun üçün əhəmiyyət kəsb etmir. Portantino gücünü Sakramentoda ermənilərin maraqlarının təmsil edilməsinə yönəldib. Bu isə ABŞ-ın regiondakı maraqlarına ziddir.

Azərbaycan da kasıb olsaydı, onun əhalisi də ermənilər kimi, gündən-günə azalsaydı, bəlkə də bu, böyük məna kəsb etməzdi. Lakin Azərbaycan çiçəklənir, enerji tədarükçüsü kimi, getdikcə daha da güclənir. Bununla yanaşı, Yerevandan fərqli olaraq, Bakı 11 sentyabr hadisəsindən bir neçə saat sonra terrorla mübarizədə ABŞ-ın müttəfiqinə çevrilib.

Ermənistanın hərbi sahəsinə isə Rusiya nəzarət edir. Ermənistan sərhədlərini rus əsgərləri qoruyur və bu ölkədə Rusiyanın 5 min hərçisnin olduğu bazası yerləşir. Bu, rusların ölkə xaricindəki ən böyük hərbi bazasıdır. Bundan başqa, Ermənistan Rusiyadan milyonlarla dollar dəyərində hərbi avadanlıq "alır". Yerevan bunu Moskvanın ayırdığı kreditlə edir.

Portantinonun səfərini Amerika Erməniləri Milli Komitəsi (ANCA) - ABŞ-dakı ermənilərin siyasi və lobbi təşkilatı - təşkil edib. Kaliforniyalı senatorun Ermənistana korrupsiya nəticəsində qazanılmış pulla səfər etdiyinə şübhə yoxdur. Bəs görəsən onun Ermənistanda korrupsiyanın həddi haqda məlumatı varmı? Yoxsa bu onu maraqlandırmır? O, əslində Ermənistanın qonşusuna qarşı dövlət səviyyəsində həyata keçirdiyi terroru dəstəklədiyinin fərqindədirmi?

Uzun müddət Ermənistan prezidenti olmuş Serj Sarqsyanın səlahiyyət müddəti bir neçə ay əvvəl bitib. Lakin parlamentdəki partizan müttəfiqləri Sarqsyanın hakimiyyətdə qalması üçün dövləti prezident respublikasından parlament respublikasına çevirib. Amma bu işə yaramayıb və bu ilin yazında ölkədə hakimiyyət dəyişib.

Portantinonun Ermənistana və işğal altındakı Azərbaycan ərazilərinə əvvəlki səfərlərini də Sarqsyanın korrupsiyaya bulaşmış hökuməti və ABŞ-dakı lobbi qrupu, yəni ANCA təşkil edib. Maraqlıdır ki, 1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərini işğal edən zaman Sarqsyan bu hərbi birləşmələrin lideri olub. Ermənistan ordusunun Xocalıda törətdiyi qətliama görə də məsuliyyət onun üzərindədir. Buraya digər hərbi cinayətlər də daxildir. Xatırladaq ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalıda 600-dən çox qadını, kişini, uşağı, körpəni qətlə yetirib. Sarqsyan isə Qafqaz regionu üzrə britaniyalı mütəxəssis Tomas de-Valla müsahibəsində "ermənilərin Xocalı qətliamı azərbaycanlılara xəbərdarlıq etdiyini", "onlarla zarafat etməyin yolverilməz olduğunu" göstərdiyini söyləyib.

Kaliforniyanın qanunverici orqanının Ermənistana səfər etmiş 2 üzvü - Otəm Burke ilə Evan Lou və ABŞ Senatının 2 üzvü - Henri Stern ilə Entoni Portantino Demokratlar Partiyasının üzvləridirlər. Onlardan yalnız Portantino qeyri-qanuni olaraq Azərbaycan ərazisinə də gedib. Nəticədə Portaninoya e-mail vasitəsilə bu suallar ünvanlanıb:

1. Səfəri kim maliyyələşdirib? ANCA? Ermənistan? Rusiya?

2. Senator Portantino Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinə səfər üçün viza alıbmı?

3. Portantino Ermənistanın hərbi və siyasi sahədə Rusiya Federasiyanının lideri Vladimir Putinin müttəfiqi olduğunu bilirmi?

4. Senator Portantino Rusiyanın Krım daxil olmaqla, Ukrayna ərazilərini işğal etməsini (necə ki, Ermənistan edib) dəstəkləyirmi?

5. Portantino Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq Azərbaycan ərazisinin 20%-ni 25 ildir işğal altında saxlamasını dəstəkləyirmi?

Senator suallara cavab verməyib.

Rusiyada ABŞ-ın qarşı çıxdığı terroru, işğalı, təcavüzü dəstəkləyən rəsmilər Vaşinqton tərəfindən müəyyən edilir. Bəs Kaliforniyanın Sakramentodakı qanunverici orqanında terrorçuluğu, işğalı, təcavüzü dəstəkləyənlər müəyyən edilməli deyilmi?

THE DAILY CALLER, ABŞ 26.09.2018 Müəllif: Raul-Louveri Kontreras

(İngilis dilindən tərcümə - WorldMedia.Az)