PA rəsmisi: "Nikol Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"


Digərləri 26 Sen 2018 15:14:00 268 0

PA rəsmisi: "Nikol Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"

"Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumu müzakirələrinin mövzusuna uyğun olaraq, ölkənin inkişafı, dayanıqlı inkişaf məqsədlərinin milli səviyyədə həyata keçirilməsi, qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla bağlı heç bir fakt və ya rəqəm səsləndirilməmişdir: "Çünki bunlar yoxdur. BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edən və ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistan tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülmüşdür. Ermənistan öz ərazisində və işğal olunmuş torpaqlarda bir milyondan artıq köklü Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir".