ABŞ mediasında “Azərxalça”nın fəaliyyəti ilə bağlı məqalə dərc olunub


Digərləri 26 Sen 2018 12:40:51 195 0

ABŞ mediasında “Azərxalça”nın fəaliyyəti ilə bağlı məqalə dərc olunub

Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia review” jurnalında və eyni adlı analitik portalda Azərbaycan xalçaçılığından, ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

Bakı. Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia review” jurnalında və eyni adlı analitik portalda Azərbaycan xalçaçılığından, ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətindən bəhs edən məqalə dərc olunub. ASC-dən Trend-ə verilən məlumata görə, “Azərbaycan xalçaçılığın vətənidir” adlı məqlənin müəllifi tanınmış jurnalist və beynəlxalq münasibətlər üzrə ekspert Peter Tasedir. Məqalədə Azərbaycanın xalçaçılıq tarixinə nəzər salınıb. Qeyd olunub ki, Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə, milli naxışlarla xalça istehsalına süni maneələr yaradılıb. Çünki xalça Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri idi. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. Məqalədə bildirilib ki, Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən ermənilər Qarabağda yaşayan azərbaycanlıların dədə-baba yurdlarında qalan Azərbaycan xalçalarını öz məhsulları kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və o xalçalar Azərbaycan xalqının istedadının məhsuludur.