"Amerikanın atası" həbsxanaya atıldı


Digərləri 26 Sen 2018 10:10:08 273 0

"Amerikanın atası" həbsxanaya atıldı

Məşhur amerikalı aktyor, rejissor, prodüser, ssenariçi, musiqiçi və siyasi fəal, stəndap komedya veteranı Uilyam Henri Kosbinin məhkəməsi başa çatıb.

Son.az ABC-yə istinadən bildirir ki, 81 yaşlı aktyor 3 ildən 10 ilədək həbs alıb.

ABŞ-ın Filadelfiya Şəhər Məhkəməsinin hakimi Stiven O-Nilin qərarına görə, Kosbi ən azı 3 il həbsxanada olmalıdır. Yalnız bu müddət başa çatandan sonra o, sonrakı 7 il ərzində cəzasının şərti həbslə əvəzlənməsi ilə bağlı müraciət edə bilər.

Uilyam Kosbi evində narkotik maddələr saxlamaqda və təcavüzdə suçlanıb.

O, 2004-cü ildə Filadelfiyadakı evində Templ Universitetinin inzibatçısı Andrea Kondi adlı qadına təcavüzdə ittiham edilmiş, 3 ay əvvəl həbs olunmuşdu.

A.Kondinin dediyinə görə, aktyor ona yuxu dərmanı verəndən sonra zorlamışdı.

"Amerikanın atası" adlandırılan məşhur komik U.Kosbi məhkəmə qərarına uyğun olaraq 25 min dollar məbləğində cərimə ödəməlidir.

Kosbini daha 50 qadın da təcavüzdə suçlayıb. Lakin cinayətin baxılmasına ayrılmış qanuni müddət çoxdan başa çatdığından bu iddiaların məhkəmə perspektivi yoxdur.