“Bismillah” sanki Allahın nişanıdır


Digərləri 25 Sen 2018 23:55:00 295 0

“Bismillah” sanki Allahın nişanıdır

(Fatihə surəsinin təfsiri silsiləsindən)

"Bismillah"ın insan həyatındakı əhəmiyyətini dərk etmək üçün alimlər belə bir misal çəkmişlər: Məlumdur ki, dünyada hər bir müəssisə öz məhsullarının üzərində xüsusi əlamət (nişan) qoyur. Həmin müəssisənin irili-xırdalı bütün məhsulları bu nişanı daşıyır, bununla da məhsulun həmin müəssisəyə mənsubluğu sübuta yetir. Həmçinin, hər bir ölkənin böyük təşkilatları, idarələri, nümayəndəlikləri, yad sularda üzən gəmiləri belə, eyni bir bayraqla seçilir. Dövlət öz bayrağını bərkitməklə, bu bayraq altında olan hər şeyin ona mənsub olduğunu elan edir. Eləcə də, Allah-Taala istəyir ki, möminlər irili-xırdalı bütün əməllərini "bismillah"la başlayıb, bu əməllərə Allahın əlamətini (nişanını) vursunlar. Bununla da həmin əməllərin məhz Allah yolunda və Allahın razılığını qazanmaq naminə icra olunduğu isbat olar.

Son.az islam.az-a istinadən bildirir ki, Həzrət Əlinin (a) səhabəsi Abdullah ibn Yəhya bir gün İmamın yanına gəldi. Oturarkən "bismillah" demədi, oturacaqdan sürüşüb yıxıldı, başı yerə dəyib yaralandı. İmam Əli (a) mübarak əlini Abdullahın başına çəkəndə yara sağaldı. Son¬ra İmam ona müraciət edərək buyurdu: "Məgər bilmirsən, Peyğəmbər Allah tərəfindən mənə buyurmuşdu ki, Allahın adı çəkilmədən başlayan hər bir iş uğursuzluqla sona çatar?" Abdullah təsdiq edib dedi: "Bundan sonra bu tapşırığı həmişə yerinə yetirərəm!" İmam əlavə etdi: "Əgər belə etsən, xoşbəxt olarsan və fayda qazanarsan".

İmam Cəfər Sadiq (ə) bu əhvalatı söyləyəndən sonra belə buyur¬muşdur: "Çox olur ki, bizim tərəfdarlarımızdan bəziləri öz işinin əvvəlində "bismillah" demir və Allah onları narahatçılığa düçar edir ki, ayılsınlar..." (Şeyx Abbas Qummi. "Səfinətül-Bihar", 1-ci cild, səh. 15).

Həzrət Muhəmməd Peyğəmbərdən (s) rəvayət edilən bir hədisdə oxuyuruq: "Bəndə "Bismillahir-Rəhmanir-Rəhim" deyəndə Allah-Taala buyurar: "Bəndəm öz işini mənim adımla başladı. Demək, mən də onun işini bərəkətlə başa çatdırmalı və bərəkətli etməliyəm".

Peyğəmbərimiz (s) başqa bir hədisdə buyurmuşdur: "Hər kəs bir işə başlasa, qəm-qüssə və çətinliklə üzləşsə, xalis niyyətlə özünü Allaha təslim edib "Bismillahir-Rəhmanir-Rəhim" desin. Bununla o, iki faydadan birini qazanar: ya bu dünyadakı ehtiyacı ödənmiş olar, ya da axirətdə Allah yanındakı nemətlərə sahib çıxar. Əlbəttə, axirətdə Allah yanında olan nemətlər mömin üçün daha yaxşı və qalarıdır" (İmam Əskərinin (ə) Fatihəyə təfsirindən).

Allahı yada salmadan başlanmış işdən, Allaha xatir olmayan əməldən xeyir-bərəkət ummaq mənasızdır: "Bismillahsız başlanan hər iş naqis və yarımçıqdır" (Muhəmməd Peyğəmbər (s).

"Bismillah" ayəsi о qədər fəzilətlidir ki, onu gözəl xətlə yazmağın da xeyli savabı vardır. Həzrət Əli (ə) buyurmuşdur: "Hər kim "Bismillahir-Rəhmanir-Rəhim" ayəsini gözəl xətlə yazsa, mütləq cənnətə gedər".